Astana. Trend:
Qazaxıstan Azərbaycan və İrana taxıl tədarükünü əhəmiyyətli dərəcədə artırıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yollarının (QDY) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sentyabr ayından 27 aprel 2025-ci ilə qədər olan müddət ərzində Qazaxıstandan yeni məhsul yığımından olan taxılın ixrac həcmi 7,5 milyon ton təşkil edib ki, bu da 2023/2024 kənd təsərrüfatı ilinin analoji müddəti ilə müqayisədə 56 faiz çoxdur.
“İrana ixrac həcmi 16 dəfə artaraq 54 min tondan 871 min tona, Azərbaycana isə 111 dəfə artaraq 5 min tondan 557 min tona çatıb”, - deyə QDY-dən bildiriblər.
Həmçinin, qeyd olunur ki, Qazaxıstan taxılının Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə tədarükü sabit artım dinamikası nümayiş etdirir.
Belə ki, Özbəkistana ixracat 29,7 faiz artaraq 2,0 milyon tondan 2,7 milyon tona, Tacikistana isə 50 faiz artaraq 718 min tondan 1 milyon 76 min tona, Əfqanıstana 33,8 faiz artaraq 201 min tondan 269 min tona, Qırğızıstana isə iki dəfə artaraq 88 min tondan 178 min tona çatıb.
2024-cü ilin dekabr ayında Qazaxıstan Azərbaycana 101 min ton taxıl ixrac edib ki, bu da əvvəlki aylarla müqayisədə əhəmiyyətli artım deməkdir. 2024-cü il ərzində Azərbaycana göndərilən ümumi taxıl həcmi 210 min ton təşkil edib.