Bakı. Trend:
“Fitch Solutions”un tərkibinə daxil olan "BMI" şirkəti Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,4% artımdan sonra 2026-cı ildə 2,5% artacağını proqnozlaşdırır.
Trend bu barədə şirkətin məlumatlarına istinadən xəbər verir.
“Biz hesab edirik ki, inflyasiyanın azalması və nisbətən sabit əmək bazarı ilə dəstəklənən daxili tələbat iqtisadi artımın tədricən bərpasına töhfə verəcək”, – deyə "BMI"nin hesabatında qeyd olunur.
Şirkətin analitikləri dünya bazarında neft qiymətlərinin enəcəyini və fiskal məhdudiyyətlər fonunda neft sektorunun çətinliklərlə üzləşməkdə davam edəcəyini gözləyirlər.
“Neft sektoru ixracın əsas istiqaməti olaraq qalsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində göstərilən səylər müəyyən nəticələr verməkdə davam edir və xarici qiymət şoklarına qarşı müəyyən dayanıqlılığı təmin edir. 2025-ci ilin dekabr ayına olan vəziyyətə görə (mövcud olan son məlumatlar), Azərbaycanın neft sektorunun ÜDM-i ümumi həcmin 47,4%-ni təşkil edib, qeyri-neft ÜDM-in payı isə 52,7%-ə çatıb; bu zaman ümumi istehsal həcmi illik ifadədə 2,6% azalıb. Bu azalma neft hasilatının 7,3% azalmasından sonra qeydə alınıb, halbuki qeyri-neft ÜDM-i 8,6% artıb”, – hesabatda qeyd olunur.
"BMI"ın fikrincə, 2026-cı ildə iqtisadi artım əsasən daxili istehlak hesabına təmin ediləcək. Bu isə sabit əmək bazarı, təxminən 5,2% səviyyəsində tarixi minimuma yaxın işsizlik göstəricisi və real əməkhaqlarının əhəmiyyətli artımı fonunda dəstəklənəcək.
“Gözlənilir ki, 2026-cı ildə özəl istehlak ÜDM-in ümumi artımına təxminən 2,5 faiz bəndi töhfə verəcək. Bu, istehlakçı inamının artmasını və 2025-ci illə müqayisədə inflyasiyanın azalmasını əks etdirir. Eyni zamanda, qeyri-neft sektoru məqsədyönlü siyasi ölçülər və Çin, Almaniya, Türkiyə və bir sıra Avropa tərəfdaşları ilə yeni sazişlər də daxil olmaqla, son ticarət və investisiya razılaşmaları sayəsində genişlənməyə davam edəcək”, – hesabatda bildirilir.
