...

XDGİ Xəzərdə neft ləkələri yaranmasında günahkar olduğunu təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2006 16:42 (UTC +04:00)

Xəzər Dəniz Gəmiçiliyi İdarəsi (XDGİ) Xəzərin Azərbaycan hissəsinin neft məhsulları ilə çirklənməsinin gəmiçiliyin günahı ucbatından baş verməsini təkzib edir. Bu barədə Trend ə XDGİ-nin mətbuat xidmətinin başçısı Vüqar Sadıxov məlumat verib.

Azərbaycanın baş ekoloji ilarəsinin bir qədər əvvəl yaydığı məlumatda qeyd edilir ki, Xəzər akvatoriyasında, "Şimal" DRES rayonu ərazisində aşkar olunmuş neft ləkəsi, çox ehtimal ki, XDGİ-nin neft tankerindən axıdılıb.

Nazirliyin sənədində qeyd edildiyi kimi, XDGİ-nin rəhbərliyi bildirib ki, hazırda müxtəlif təşkilatlarla gəmilərdə təmizləyici qurğuların quraşdırılması perspektivləri ilə bağlı danışıqlar aparılır. "XDGİ yaxın günlərdə gəmilərin bu cür qurğulara malik olacağına və bu kimi halların bir daha təkrar olunmayacağına əminliyini bildirib", - deyə ekoloji idarənin məlumatında qeyd olunur.

Vüqar Sadıxovun sözlərinə görə, beynəlxalq konvensiyalara əsasən, Xəzərdə gəmilərdən yük daşınması zamanı hər hansı bir məhsulun (o cümlədən neft və neft məhsullarının), eləcə də sanitar suların dənizə axıdılması qəti qadağandır. Bu, Xəzərin qapalı su hövzəsi olması ilə izah olunur.

"XDGİ-nin yeni gəmilərində sanitar suların təmizlənməsi üçün qurğular quraşdırılıb. Lakin onlardan yalnız açıq su hövzələrində - Xəzərdən kənarda istifadə oluna bilər", - deyə o bildirib. Bütün sanitar sular gəmilərin girdiyi limanlarda təhvil verilir.

"Heç bir təmizləyici qurğu nefti və neft məhsullarını elə bir səviyyədə təmizləyə bilmir ki, onu hansısa su hövzəsinə axıtmaq olsun", - deyə gəmiçilikdə qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti