Yolun metronun "Məşədi Əzizbəyov" stansiyasından Heydər Əliyev adına beynəlxalq aeroporta qədər genişləndirilmə layihəsi ilin sonunadək başa çatacaq. Bundan sonra yolun bilavasitə tikintisinə başlanılacaq. Bu barədə Trend ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. Layihə Slovakiyanın Doprastav şirkəti tərəfindən həyata keçirilir.
Avtomobil yolunun metronun "M.Əzizbəyov" stansiyasından Heydər Əliyev adına beynəlxalq aeroporta qədər genişləndirilməsi Bakı şəhərinin nəqliyyat infrastrukturunun işinin yüngülləşdirilməsi haqqında Azərbaycan prezidentinin sərəncamında nəzərdə tutulub və 150 mln. ABŞ dolları məbləğində qiymətləndirilir.
Vəsaitlərin əsas hissəsi yeni yol qovşaqlarının, körpülərin tikintisinə və kommunikasiyanın köçürülməsinə, eləcə də torpağın alınmasına sərf olunacaq. Bu layihənin həyata keçirilməsi zamanı tikililərin sökülməsi və kommunikasiyanın köçürülməsi üzrə böyük işlər nəzərdə tutulub. Yolun tikintisinə təxminən 30-35 mln. ABŞ dolları tələb olunur.
Həmin yolda beş yol qovşağının tikintisi nəzərdə tutulub. Yol 8-12 zolağa qədər genişləndiriləcək. Gələcəkdə Heydər Əliyev prospektinin genişləndirilməsi və sürəti saatda 120- 150 km-ə çatdırmağa imkan verən vahid sürət yolunun yaradılması nəzərdə tutulub.
Yalnız metronun "M.Əzizbəyov" stansiyasının yanındakı dairədən sutkada təxminən 220 min avtomobil keçir.