...

Bu gün Bakıda ilk quşçuluq yarmarkası keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:36 (UTC +04:00)

Bu gün "Təzə bazar"da toyuq əti və yumurta satışı üzrə ilk yarmarka keçirilib. Yarmarka Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Quşçuluq şirkətləri assosiasiyası tərəfindən təşkil olunub. Bu barədə Trend xəbər verir.

Quşçuluq şirkətləri assosiasiyasının sədri Aydın Vəliyevin verdiyi xəbərə görə, bu gün yarmarka üç bazarın - "Təzə Bazar", Nəsimi rayonu və Bakı şəhəri 3-cü mikrorayon bazarının ərazisində keçirilir.

Yarmarkalarda 16 quşçuluq təsərrüfatı iştirak edir. Onlar 500 mindən çox yumurta və 16 ton toyuq əti gətiriblər.

İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, bu cür yarmarkalar davamlı olacaq və hər həftə keçiriləcək. Bayramlarla əlaqədar nazir yarmarkanı dekabrın 30-da davam etdirməyi təklif edib.

"Mən hesab edirəm ki, yarmarkadan yarmarkaya qiymətlər aşağı düşəcək. Bizim özəl şirkətlər üçün şərait yaratdığımız üçün biz onların qiymətləri yüksəltməmələrini istərdik", - deyə nazir qeyd edib. Gələcəkdə yarmarkalar paytaxtın digər hissələrində də keçiriləcəklər.

Quşçuluq yarmarkalarının keçirilməsində başlıca məqsəd bazarda quşçuluq məhsullarının qiymətinin azalmasıdır.

"Sahibkarın əlavə gəlirə can atması - kifayət qədər təbii meyldir və o, sadəcə olaraq bundan istifadə edəcək. Quşlar üzrə biz bir məsələdə günahkarıq ki, biz öz bazarımızı müdafiə etməyə çalışdıq, lakin unutduq ki, dövlət qayğısı digər şəkildə qəbul oluna bilər. Quş qripi epidemiyası zamanı müəyyən məhdudiyyətlər qoyduq və bu məhdudiyyətlər istehsalçılarda qaldı. Onlar vəziyyətdən istifadə etdilər və qiymətləri qaldırmağa başladılar. Onlar etiraf etdilər ki, ticarət şəbəkələrinin məhsulları hansı qiymətə satdıqlarına baxıblar və görüblər ki, marja çox böyükdür və düşünüblər ki, bundan öz xeyirləri üçün istifadə edə bilərlər", - deyə H.Babayev qeyd edib.

Nazir yarmarkadakı qiymətlərdən razı qalıb. 30 ədəd yumurta təxminən 16500 köhnə manata (bir ədədə görə 550 köhnə manat) satılıb, son vaxtlar isə yumurtaların bir ədədi 750-800 köhnə manata satılır. Toyuqların 1 kiloqramı 14-16 min manat həddində satıldığı halda, yarmarkada onların qiyməti 1 kiloqrama görə 11-13 min köhnə manat həddində müəyyən olunub.

Nazir gələcəkdə xaricdən quşçuluq məhsullarının daha aşağı qiymətlə alınması üçün ayrı-ayrı şirkətlərin yaradılması ehtimalını istisna etməyib. Dövlət ərzaq malları bazarının nizamlanması üçün belə bir zərurətin olduğunu görür və bu şirkət istənilən qiymətin yüksəlməsinə reaksiya verə bilər.

Xəbər lenti

Xəbər lenti