...

Azərbaycanın maliyyə naziri Ümumdünya İqtisadi Forumda iştirak üçün İordaniyaya yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova / Azərbaycanın maliyyə naziri Samir Şərifov 18-20 may tarixində Ümumdünya İqtisadi Forumda iştirak etmək üçün Əmman şəhərinə (İordaniya Həşimiyyə Krallığı) yola düşüb. Bu barədə ölkənin Maliyyə Nazirliyindən məlumat verilib.

Dünyanın müxtəlif ölkə nümayəndələrinin təmsil olunacağı Forumda Kral II Abdulla iştirak edəcək.

"Müxtəlifliyin tətbiqi" mövzusunda keçiriləcək üçgünlük Forumda regional inkişaf və iqtisadi diversifikasiyanın sürətləndirilməsi məsələləri işıqlandırılacaq, dini və etnik müxtəlifliyin mövcud olduğu regionlarda sülhün qorunmasının zərurətinə xüsusi diqqət yetiriləcək.  

Forum çərçivəsində gələcəyin iqtisadiyyatı,  region iqtisadiyyatının yeniləşməsində rolu olan yeni sənaye anlayışının  genişləndirilməsi, həmçinin  Yaxın Şərqdə sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması  yollarının araşdırılması istiqamətində aparıcı siyasi ölkə rəhbərləri arasında müzakirələrin aparılması gözlənilir.

Ümumdünya İqtisadi Forum dünya dövlətlərinin rəhbərləri vasitəsilə iqtisadi sahələr üzrə qlobal və regional əməkdaşlığın inkişafında iştirak edən müstəqil beynəlxalq təşkilatdır və   fond kimi 1971-ci ildə İsveçrənin Cenevrə şəhərində  yaradılıb.

Xəbər lenti

Xəbər lenti