...

İsrail Azərbaycan nefti və Rusiya qazının nəqlinə körpü ola bilər

Energetika Materials 18 İyul 2008 15:44 (UTC +04:00)

İsrail, Qüds, 18 iyul / Trend , müxbir R.Abdullayev/ Türkiyə və İsrail cümə axşamı bəyan ediblər ki, Türkiyənin Aralıq dənizi sahilindən İsrailədək qaz və neft kəmərlərinin çəkilməsi layihəsinin birgə analizinə başlayıblar. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Helmi Gülərin rəyinə görə, birgə analiz 10 ay, boru kəmərlərinin tikintisi isə, üç il ərzində başa çatacaq.

İsraildəki Türkiyə səfirliyində adının açıqlanmasını istəməyən məlumatlı mənbə cümə günü Trend -ın Qüdsdəki xüsusi müxbirinə bildirib ki, bu layihənin əsas ideyası Rusiya və Azərbaycan qazının İsrailə ixracı imkanıdır.

"İsrail həm Azərbaycan nefti, həm də Rusiya qazının nəqli üçün körpü ola bilər", - mənbə bildirib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl "Aşkelon-Eylat" boru kəməri şirkəti İsrailin şəxsi infrastrukturundan istifadə etməklə, Türkiyənin Ceyhan limanından Şərqi Asiya regionuna neft nəqli üzrə kanal yaratmaq təşəbbüsü ilə çıxış edib. Layihə yüklərin nəqli üzrə enerji şirkətləri konsorsiumu tərəfindən reallaşdırılacaq.

İsrailin neftə illik tələbatı 12 mln. ton təşkil edir. Bunun 2 mln.tonu Azərbaycanın xammalı hesabına ödənilir, Bakı-Tbilisi-Ceyhan boru kəməri isə, Azərbaycan neftinin İsrailə çatdırılması yolunu 2 min km-dən 600 km-dək azaldıb.

İyunda Bakıda səfərdə olmuş İsrailin milli infrastruktur naziri Binyamin Ben Eliezer bəyan edib ki, İsrail Azərbaycan neftinin Asiya bazarlarına aşırılması üzrə özünün tranzit xidmətlərini təklif etməyə hazırdır. Azərbaycan neftini, hazırda isə, Rusiya qazını Ceyhandan İsrailin Aşkelon Aralıq dənizi limanına çatdırmaq təklif olunur.

"Əvvəllər Aşkelon-Eylat boru kəməri Qara dəniz vasitəsilə İran neftinin Fars körfəzindən Aralıq dənizi ölkələrinə nəqlinə xidmət edirdisə, hazırda İsrail onun istiqamətini dəyişir - neft Qara dəniz vasitəsilə Aralıq dənizindən Şərqi Asiya ölkələrinə düşür", - İsraildəki Türkiyə mənbəyi bildirib. Onun rəyinə görə, bu layihənin həyata keçirilməsində "geosiyası ziqzaqlara yer yoxdur, burada daha çox iqtisadi amil rol oynayır".

Xəbər lenti

Xəbər lenti