...

Gürcüstan "Nabukko" və "Ağ axın" layihələri üçün ərazisini təqdim etməyə hazırdır – nazir

Energetika Materials 27 Aprel 2009 11:20 (UTC +04:00)
Gürcüstan "Nabukko" və "Ağ axın" layihələri üçün ərazisini təqdim etməyə hazırdır – nazir

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova, E.İsmayılov, A.Bədəlova /

Gürcüstan "Nabukko" və "Ağ axın" layihələrində iştirak etməyə hazırdır. Bu barədə bazar ertəsi Bakıda keçirilən III Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib. Konfransın təşkilatçıları qismində Britaniyanın Confidence Energy şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edir. İnformasiya dəstəyi Trend agentliyinə məxsusdur.   

Onun sözlərinə görə,  Gürcüstanın mühümlüyü onun yerləşdiyi soğrafi mövqe ilə ifadə olunur.

"Bundan əlavə, Gürcüstan böyük xərc tələb etməyən inkişaf etmiş infrastrukura malikdir", - deyə Xetaquri əlavə edib. O həmçinin qeyd edib ki, Türkiyə ilə bağlı layihələr, gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. 

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisi 2011-ci ilə nəzərdə tutulub. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

"Ağ axın" layihəsinə əsasən, Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə Ukraynaya və Aİ ölkələrinə tədarük edilməsi planlaşdırılır. Layihəni hazırlayanların konsepsiyasına əsasən, boru kəməri Tbilisi yaxınlığında yerləşən və təxminən 100 km uzunluğunda olan, Gürcüstan ərazisindən Qara dənizinə yönələn Cənubi Qafqaz qaz kəmərinə birləşəcək. Oradan təxminən 650 km dənizin dibi ilə Krıma çatdırılmalı, sonra Feodosiyadan Ukraynanın tranzit sisteminə qoşulmalıdır. Alternativ plan boru kəmərinin Rumıniyaya qədər uzadılmasını nəzərdə tutur.

İlkin mərhələdə boru kəmərinin gücünün ildə səkkiz milyard kubmetr qaz olacağı gözlənilir. Belə olan halda qaz kəməri tamamilə Azərbaycanın "Şahdəniz" yatağının hesabına doldurulacaq. Sonra "Ağ axın" TransXəzər qaz kəmərinə qoşula bilər. Bu halda boru kəmərinin ikinci xətti Xəzərin dibi ilə çəkiləcək və White Stream-in gücü ildə 24-32 milyard kubmetrə qədər arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti