...

Azərbaycan qazının Rusiyaya ixracının başlanması qaz kəmərinin təftişini tələb edir

Energetika Materials 6 İyul 2009 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend /

"Azərbaycan qazının Rusiyaya ixracının başlanması üçün qaz kəmərinin Azərbaycan hissəsi, yəni Bakıdan Rusiya sərhədinə qədər hissəsinin təftişini aparmaq tələb olunur", - bazar ertəsi Azərbaycanın neft sənayesindəki mənbə deyib.

"Kəmərlərlə qaz tədarükündə heç bir problem gözlənilmir. Ancaq 2007-ci ilin əvvəlindən Rusiyadan qaz idxalının dayandırılmasından sonra kəmərin tədqiqini aparmaq lazımdır", - mənbə bildirib.

2007-ci ilin əvvəlinə qədər bu kəmərlə Azərbaycana ildə 4,5 milyard kubmetr qaz tədarük edilirdi. Bu qaz kəmərinin layihə gücü ildə 10 milyard kubmetrdir, ancaq onun hazırkı gücü təxminən 5 milyard kubmetrdir.

Mənbənin sözlərinə görə, Azərbaycan qazının Rusiyaya ixracı mövsümdən asılı olaraq dəyişə bilər. Yəni payız-qış aylarında Rusiyanın cənub regionlarında qaz istehlakı yaz-yaydakından çox ola bilər.

Azərbaycan qazının alqı-satqısı barədə müqavilə iyunun 29-da Bakıda SOCAR və "Qazprom" arasında imzalanıb. Müqavilə beş il müddətinə hesablanıb və ildə ən azı 500 milyon kubmetr qazın tədarük edilməsini nəzərdə tutur. İxrac həcmləri yarım il əvvəldən razılaşdırılacaq.

İlin sonuna qədər Azərbaycan və Rusiyanı birləşdirən Qazıməhəmməd-Mozdok qaz kəmərində, onun revers rejimində fəaliyyət göstərməsi üçün texniki işlər aparılacaq.

Xəbər lenti

Xəbər lenti