...

Azərbaycanın yeni neft-kimya kompleksi layihəsi üzrə işlərin növbəti mərhələsi uğurla davam etdirilir

Energetika Materials 26 Avqust 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend /

İngiltərənin ERM - Ətraf mühit resurslarının idarə edilməsi üzrə Ekologiya Kompaniyası "Azərikimya" Dövlət Şirkəti tərəfindən Azərbaycanın yeni neft-kimya kompleksi və gübrə istehsalatı üzrə "Ətraf mühitin təhlükəsizliyinə və sağlamlığa təsirin qiymətləndirilməsi" ilə bağlı elan olunmuş beynəlxalq tenderin qalibi olmuşdur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyularaq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilən yeni neft strategiyasının reallaşması ölkəmizdə neft-kimya sənayesinin dinamik inkişafı üçün yeni və böyük perspektivlər açır. Ölkə rəhbərinin respublikada neft-kimya və kimya sənayesinin perspektiv inkişafı ilə əlaqədar "Azərikimya" Dövlət Şirkətinin qarşısında qoyduğu vəzifələrə uyğun olaraq, yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya kompleksinin yaradılması üzrə işlər uğurla davam etdirilir.

Bu günlərdə "Azərikimya" Dövlət Şirkəti tərəfindən keçirilmiş Azərbaycanın yeni yaradılacaq neft-kimya kompleksi və gübrə istehsalatı layihəsinin ekoloji hissəsi üzrə elan etdiyi "Ətraf mühitin təhlükəsizliyinə və sağlamlığa təsirin qiymətləndirilməsi" ilə bağlı növbəti beynəlxalq tenderə yekun vurulmuşdur. Dünyanın bir-neçə nüfuzlu şirkətinin iştirak etdiyi bu tenderin qalibi ən yüksək beynəlxalq tələblərə uyğun olaraq hazırlanmış əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifini təqdim etmiş İngiltərənin ERM - Ətraf mühit resurslarının idarə edilməsi üzrə kompaniyası qalib elan edilmişdir.

ERM şirkəti bütün dünyada ətraf mühitin qorunması və təhlükəsizliyi, ekoloji saflıq, yeni yaradılmaqda olan istehsalat müəssisələrinin ətarf mühitə və insan sağlamlığına təsir dərəcəsini tədqiq edən və qiymətləndirən tanınmış, yüksək təcrübəyə malik beynəlxalq bir şirkət olmaqla dünyanın bir çox ölkələrində bu sahədə çox geniş və səmərəli işlər aparır. Ətraf mühitin və sağlamlığın qorunması sahəsində ERM hazırladığı hesabatların bu tip layihələrin maliyyələşdirilməsində iştirak edən dünyanın birinci dərəcəli bankları tərəfindən qəbul olunan nüfuzlu şirkətlərdəndir. ERM şirkəti son illərdə neft-kimya sahəsinin ekoloji məsələləri ilə bağlı bütün dünyada bir çox mühüm layihələrin ekoloji əsaslandırılması və qiymətləndirilməsi üzrə beynəlxalq məsləhətçi şirkət kimi bir çox böyük regional neft-qaz, energetika və infrastruktur layihələrində fəal iştirak etməkdədir.

ERM şirkəti dünyanın 40-dan artıq ölkəsində yerləşən 145 ofisi vasitəsilə neft-kimya və kimya sahəsində düyanın ən aparıcı istehsalat şirkətlərinin ətraf mühit və insan sağlamlığı sahəsində sifarişlərini yerinə yetirir.

"Azərikimya"nın elan etdiyi tenderin qalibi olaraq, ERM şirkəti ölkəmizdə yeni yaradılacaq neft-kimya kompleksi və gübrə istehsalatının ekoloji təmizliyi və insan sağlamlığına təsiri ilə bağlı tədqiqat apararaq müvafiq hesabat hazırlayacaqdır. Həmin hesabatda yeni kompleksin ətraf mühitə və insan sağlamlığına təsiri, onun ekoloji və sosial aspektləri özünün tam əksini tapacaqdır.

Qeyd etmək vacibdir ki, dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq yeni neft-kimya kompleksi Azərbaycanı çox yaxın bir zamanda regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirməklə yanaşı ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində də ən yüksək beynəlxalq standartlara cavab verəcəkdir.

Ən müasir texnologiyalar əsasında yaradılacaq 19 zavoddan ibarət yeni kompleks geniş çeşiddə neft-kimya məhsulları və azot gübrələri istehsalı üzrə regionda ən iri müəssisə olacaqdır. Bu kompleks iqtisadiyyatının tikinti materiallarına, plastik boru və profillərə, boya, lak və həlledicilərə, kimyəvi reagentlərə, rezin məmulatına, müxtəlif təyinatlı sintetik materiallara, mebel ləvazimatına, məişət avadanlığına, eləcə də sənaye və məişət təyinatlı qablara tələbatını tam təmin etməyə imkan verəcəkdir.

Bu möhtəşəm layihənin reallaşdırılması ölkəmizin neft-kimya məhsullarına və azot gübrələrinə olan daxili tələbatını tam ödəməklə yanaşı, dünya bazarında "Azərikimya" Dövlət Şirkətinin mövqelərinin daha da möhkəmlənməsini, Xəzər və Aralıq dənizləri ilə əhatə olunan böyük bir regionda Azərbaycanın neft-kimya və kimya sahəsində liderliyini uzun illər təmin edəcəkdir.

Xəbər lenti

Xəbər lenti