...

RWE "Nabukko" qaz kəmərinin doldurulması ilə bağlı problem görmür

Energetika Materials 14 Sentyabr 2009 17:58 (UTC +04:00)
"Nabukko" qaz kəmərinin doldurulması ilə bağlı heç bir problem olmayacaq. Bu barədə Almaniyanın RWE Supply & Trading şirkətinin materiallarında qeyd olunur.
RWE "Nabukko" qaz kəmərinin doldurulması ilə bağlı problem görmür

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir A.Bədəlova /

"Nabukko" qaz kəmərinin doldurulması ilə bağlı heç bir problem olmayacaq. Bu barədə Almaniyanın RWE Supply & Trading şirkətinin materiallarında qeyd olunur.

Azərbaycan və Türkmənistanın Türkiyə və Avropaya qaz tədarüklərinin diversifikasiyasına hazır olması barədə bir neçə dəfə bildirməsindən sonra "Nabukko" qaz kəmərinin doldurulması məsələsi artıq problem deyil. Bu barədə "Nabukko" layihəsinin səhmdarlarından biri olan RWE-nin materiallarında qeyd olunur.

Layihədə 16,67 faizə malik olan şirkətin materiallarında qeyd olunduğu kimi, Azərbaycan 12 milyard kubmetr qazın ixracına ümid edir. Sözügedən qazın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunması gözlənilir.

Materiallara əsasən, Türkmənistan da Avropaya sonrakı tədarük üçün 10 milyard kubmetr qaz tədarü etmək istəyi barədə bildirib. "Azərbaycan, Türkmənistan və İraq ayrılıqda bazarın artan tələbatının ödənilməsi üçün böyük qaz potensialına malikdirlər ki, bu da ilk növbədə 2010-cu ildə "Nabukko" layihəsi üzrə investisiya qərarının qəbul edilməsinə kömək edəcək", - materiallarda deyilir.

"Beləliklə, ortada "Nabukko"-ya lazım olacağından çox qaz var", - RWE-nin materiallarında qeyd olunur.
Gözlənildiyi kimi, Misirdə 2014-cü ilədək ildə iki milyarddan dörd milyard kubmetrə qədər qaz ixracı mümkün olacaq.

İran qazına gəldikdə isə, RWE hesab edir ki, bu, "Nabukko" ilə Almaniya, Türkiyə və digər Avropa ölkələrinə tədarüklər üçün vacib şərtdir.

Almaniya şirkətinin materillarında qeyd olunduğu kimi, İran hazırda təmiz qaz idxalçısıdır və ölkə daimi investisiyalara ehtiyac duyur. "Bu isə ölkədəki siyasi mühit dəyişilməyincə baş verməyəcək", - RWE materiallarında deyilir.

Materiallara əsasən, Avropada qaz tələbatı ilbəil artacaq.

"2030-cu ilədək Avropanın qaz tələbatı 680 milyard kubmetrə kimi artacaq, eyni zamanda Aralıq dənizində və Norveçdə istehsal azalacaq. Bununla da Avropa ildə 480 milyard kubmetr qaz idxal etməli olacaq", - bu barədə Almaniya şirkətinin məlumatında deyilir.

Materiallara əsasən, Xəzər regionu və Yaxın Şərqin qaz ehtiyatları 84 trilyon kubmetr həcmində qiymətləndirilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti