...

ARDNŞ Azərbaycanın milli qazpaylayıcı sistemini müasirləşdirmək niyyətindədir

Energetika Materials 27 Yanvar 2010 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qaz itkisinin qarşısının alınması və qovşaqlardakı məlumatlara dair operativ informasiyanın əldə olunması üçün milli qaz tədarükü sisteminin qazpaylayıcı qovşaqlarının işini optimallaşdırmaq və müasirləşdirmək niyyətindədir. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Hazırda "Azəriqaz" İB (ARDNŞ-nin tərkibinə daxildir) mərkəzləşdirilmiş ölçmə və nəzarət sistemi olmadığına görə qaz təchizatı və nəqletmə təsərrüfatı (magistral qaz kəmərləri, başlıca qazpaylayıcı qurğular və s.) haqqında zəruri məlumatların operativ şəkildə əldə olunmasında çətinlik hiss edir.

"Məsafədən operativ ölçmə və nəzarət sistemi"nə qoşulmaqla bu problemin həllinə nail olmaq mümkündür.

Bu sistemin yaradılması üçün qaz qovşaqlarında qazın sərfini ölçmək məqsədi ilə quraşdırılmış ROC tipli müasir elektron sayğaclarla zəruri hesabatların aparılması, qazın texnoloji parametrlərinə operativ nəzarət olunması, qazın xüsusi çəkisi, fiziki-kimyəvi tərkibi barədə informasiyanın müəyyənləşdirilməsi üçün məlumatların məsafədən qəbul edilməsi məqsədi ilə radiomodem quraşdırılmalıdır.

Hazırda ARDNŞ-də işlənib hazırlanmış proqram təminatı əsasında "Azneft" İstehsalat Birliyi, Qaz İxracı İdarəsi, müştərək müəssisələr və əməliyyat şirkətlərində istifadə edilən qaz sayğacları vasitəsilə ölçü qovşaqlarından keçən qaz həcmlərinə məsafədən effektiv nəzarət həyata keçirilir.

Ümumilikdə, Rabitə və İnformasiya Texnologiyaları İdarəsi ARDNŞ ilə 103 ədəd elektron qaz sayğacı vasitəsilə 140 ölçü qovşağından keçən qaz həcmlərinə məsafədən nəzarət etmək imkanını reallaşdırıb.

Mövcud problemlərin həlli üçün işçi qrupu yaradılıb və qrup tədbirlər planını hazırlamalı, ARDNŞ rəhbərliyinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti