Аzərbaycan, Bakı, 11 may /Trend/
"Azərenerji" SC (Azərbaycanda elektrik enerjinin istehsalı və paylanması) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə respublikanın enerji sisteminin energetika obyektlərində bütün ölkə üzrə tədbirlər həyata keçirib.
Mingəçevirin energetika müəssisələrində - Mingəçevir su anbarı, Azərbaycan İES, Mingəçevir SES kaskadında qeyd olunan tarixlə bağlı tədbirlər keçirilib.
Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı tərəfindən "Mingəçevir SES kaskadı" müəssisəsi ilə birgə ümummilli liderin xatirəsinə həsr olunmuş şəhər üzrə şahmat yarışı keçirilib. Yarışda iki komanda iştirak edib. Azərbaycan İstilik Elektrik Mərkəzində "Ümummilli lider Heydər Əliyev müstəqil energetika siyasətinin banisidir" mövzusunda konfrans keçirilib. Müəssisənin əməkdaşları Heydər Əliyev Muzeyinə də baş çəkiblər.
"Şimal" elektrik stansiyasında da ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə ümummilli liderin elektrik enerjisi sisteminin öyrənilməsində misilsiz xidmətlərindən söz açılıb. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyev yeni stansiyaların açılması, Bakı və Sumqayıt şəhərlərində istilik elektik mərkəzlərinin, o cümlədən "Şimal" elektrik stansiyasının texniki imkanlarının artırılması, hidroenerji resurslarının səmərəli şəkildə istifadəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Müstəqillik illərində ulu öndərin bilavasitə iştirakı ilə "Şimal" elektrik stansiyası yenidən qurulub.
Respublikanın mühüm sənaye mərkəzi olan Şirvanın energetika obyektlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub. Eyni zamanda, Şirvan İES-də bu əlamətdar hadisə ilə bağlı tədbir keçirilib. Ulu öndərimiz Heydər Əliyev həmişə Şirvan şəhərinə, o cümlədən ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayan elektrik stansiyalarına böyük diqqət ayırıb və energetiklərin bu sahədə zəhmətini yüksək qiymətləndirib. Şirvan İES müəssisəsinin işçi heyəti respublikanın müstəqil elektrik enerjisi sisteminin yaradılmasında Heydər Əliyevin sonsuz xidmətlərini hörmətlə yad edirlər.