Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Panərəb qaz kəməri layihəsinin reallaşdırılmasına maraq göstərir, - bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Misirin neft naziri Əmin Sameh Fəhmi ilə görüşü zamanı bildirib.
"Panərəb qaz kəməri bizim üçün maraqlıdır", - Əliyev deyib.
Əliyevin sözlərinə görə, Türkiyə və Suriyanın qaz sistemini birləşdirəcək qaz kəmərinin tikintisi Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə, Suriya və İordaniyaya nəqli üçün şərait yaradacaq.
Nazirin sözlərinə görə, iyunun əvvəllərində imzalanmış və aralarında Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üzrə sənədin də olduğu qaz sazişləri paketi, Suriya və İordaniya da daxil olmaqla, müxtəlif istiqamətlərdə nəqli üçün şərait yaradacaq.
Bundan əvvəl Suriya 20 il ərzində 1-1,5 milyard kubmetr Azərbaycan qazının alınması barədə təkliflə çıxış edib. Suriyalı mütəxəssislərin fikrincə, qaz nəqlinə Türkiyə ilə Suriya arasında birləşdirici qaz kəmərinin tikintisi başa çatdıqdan sonra, 2011-ci ilin ortalarında başlanıla bilər.