...

ARDNŞ rəhbərliyi Astara rayonuna səfər edib

Energetika Materials 19 Avqust 2010 23:48 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri Astara rayonunda olmuşlar
ARDNŞ rəhbərliyi Astara rayonuna səfər edib

ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri Astara rayonunda olmuşlar, cümə axşamı şirkətin saytında yerləşən xəbərdə deyilir.

ARDNŞ rəhbərləri Astara Kompressor Stansiyasına baş çəkmiş, burada aparılan əsaslı tikinti və yenidənqurma işləri ilə tanış olmuşlar. Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasına və eləcə də İran İslam Respublikasına təbii qazın ötürülməsində xüsusi əhəmiyyətə malik Astara Kompressor Stansiyasının müasir avadanlıqlarla təchiz edilməsi və genişləndirilməsi məqsədi ilə burada yenidənqurma və təmir-bərpa işləri aparılır. Sonra ARDNŞ rəhbərliyinin və mütəxəssislərin iştirakı ilə səyyar müşavirə keçirilmişdir. Şirkətin Kapital Qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyev Astara Kompressor Stansiyasında görülmüş işlərin təqvim planına uyğun olaraq getdiyini vurğulamış və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Astara Kompressor Stansiyasında məhsuldarlığın artırılması və bununla nəql edilən qazın gündəlik həcminin 5 milyon kubmetr səviyyəsinə çatdırılması məqsədi ilə stansiyanın əlavə kompressor aqreqatları ilə genişləndirilməsi işləri uğurla davam etdirilir. Hazırda Kompressor Stansiyasının gündəlik məhsuldarlığı 1 - 1,2 milyon kubmetr təşkil edir. Stansiyada qaz 12-15 atmosfer təzyiq altında sıxılaraq 50-55 atmosfer təzyiqlə İran İslam Respublikasının qaz nəqli sisteminə ötürülür. Genişləndirmə tədbirlərinin həyata keçirilməsindən sonra gün ərzində 5 milyon kubmetr qazın İran İslam Respublikasına nəqli mümkün olacaq.

Beləliklə, ölkəmizin Cənub rayonlarının qazla təchizatında irəliləyiş əldə ediləcək, eləcə də Naxçıvan Muxtar Respublikasının gündəlik qaza olan tələbatının ödənilməsində mühüm irəliləyişə nail olunacaq, eyni zamanda İran İslam Respublikasına qaz ixracı üçün əlavə imkanlar yaranacaqdır. Müşavirədə "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev həmçinin, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi üzrə qaz təsərrüfatının 2010-2013-cü illərə dair Inkişaf Proqramı"na uyğun olaraq Astara rayonunun qazlaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Bildirilmişdir ki, rayonunun yenidən qazlaşdırılması istiqamətində aparılan intensiv işlər rayonda fasiləsiz və keyfiyyətli qaz təminatına imkan yaradacaqdır. Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev öz çıxışında ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının Sərəncamı ilə "2009-2013-cü illər Regionların Sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində respublikanın hər yerində olduğu kimi Astara rayonunda da qaz şəbəkəsinin yenidən qurulması istiqamətində ARDNŞ tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, son zamanlar rayonun kəndlərinin qazlaşdırılması istiqamətində görülmüş işlərə görə, eləcə də rayonda Bayraq Meydanının tikintisinin və Kakalos kənd orta məktəbinin müasir standartlara uyğun olaraq təmir edilməsinə görə Şirkət rəhbərliyinə minnətdarlığını bildirmişdir. ARDNŞ prezidenti Rövnəq Abdullayev görülən işləri qənaətbəxş qiymətləndirmiş, kompressor stansiyasında yenidənqurma və təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatdırılmasının zəruriliyini vurğulamış, bu məqsədlə aidiyyatı qurumlara bir sıra həllivacib tapşırıqlar verilmişdir. Qeyd edək ki, 2005-ci ildə tikilib istismara verilmiş Astara Kompressor Stansiyasında indi 2 qaz turbin mühərrikli kompressor aqreqatı fəaliyyət göstərir. Genişləndirmə tədbirlərindən sonra birinci mərhələdə 6 qaz motokompressorun, ikinci mərhələdə isə daha 4 qaz motokompressorun istifadəyə veriləcəyi gözlənilir. Görüləcək işlərdən sonra stansiyadan qaz 70-75 atmosfer təzyiqlə qonşu ölkənin nəql sisteminə ötürüləcək. Sonra ARDNŞ prezidenti R. Abdullayev Şirkətin maliyyə vəsaiti ilə Astaranın mərkəzində inşası davam etdirilən Bayraq Meydanına baş çəkmiş, layihəyə baxmış, burada həyata keçirilən tikinti işlərinin gedişi ilə maraqlanmış, müvafiq qurumlara konkret tapşırıqlar vermişdir. Bildirilmişdir ki, burada aparılan tikinti işlərinin sentyabrın 15-dək başa çatacağı gözlənilir. Daha sonra ARDNŞ rəhbərliyi rayonun Kakalos kənd orta məktəbində aparılan əsaslı təmir işləri ilə tanış olmuşlar. Bildirilmişdir ki, ARDNŞ-nin maliyyə vəsaiti ilə müasir tələblər səviyyəsində əsaslı təmir olunan Kakalos kənd orta məktəbi hər cür şəraitlə təchiz olunaraq 2010-2011-ci tədris ilində şagird və müəllimlərin istifadəsinə veriləcəkdir. Sonda Kakalos kənd ictimaiyyətinin nümayəndələri ARDNŞ prezidenti R. Abdullayevlə söhbət etmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial inkişafına daim xüsusi diqqət yetirdiyini və bu diqqətin bariz nümunəsi olaraq Kakalos kənd qazlaşdırılmasını, məktəbin və yollarının yüksək səviyyədə təmir olunmasını göstərmişlər. Kənd icra nümayəndəsi və bələdiyyənin sədri həyata keçirilən işlərə görə, Prezident İlham Əliyevə və ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Xəbər lenti

Xəbər lenti