...

ABŞ gələn il Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır

Energetika Materials 8 Dekabr 2010 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir A.Bədəlova/

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2011-ci ildə Azərbaycanda neft hasilatının gün ərzində 0,15 milyon bareldən 1,21 milyon barelədək artırılacağını proqnozlaşdırır.

EIA-nın enerji bazarının qısamüddətli icmalı üzrə aylıq məruzəsinə görə, gələn il ölkədə neft hasilatının nisbətən daha yüksək səviyyəsi, yəni sutkada 1,23 milyon barel olmaqla ikinci rübdə müşahidə olunacaq. Birinci rübdə Azərbaycanda neft hasilatı sutkada 1,22 milyon barel, üçüncü rübdə 1,2 milyon, dördüncü rübdə isə 1,19 milyon barel təşkil edəcək.

Bu il Azərbaycanda neft hasilatı sutkada 1,06 milyon barel səviyyəsində proqnozlaşdırılır ki, bu da 2009-cu ildəki hasilatdan 0,05 milyon barel çoxdur.

EIA-nın proqnozlarına görə, keçmiş Sovet İttifaqı ölkələrində neft hasilatının həcmi gündə 13,2 milyon barel təşkil edəcək ki, bunun da sutka ərzində 1,64 milyon bareli Qazaxıstanın, 0,21 milyon bareli Türkmənistanın payına düşür. 2010-cu ildə Qazaxıstanda neft hasilatının həcmi sutkada 1,6 milyon barel, Türkmənistanda isə 0,21 milyon barel təşkil edəcək.

BP-nin məlumatına görə, 2010-cu ilin əvvəlinə Azərbaycanda sübut edilmiş neft ehtiyatları 7 milyard barel, Qazaxıstanda 39,8 milyard barel, Türkmənistanda isə 0,6 milyard barel təşkil edir.

Xəbər lenti

Xəbər lenti