Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Odessa-Brodı boru kəməri ilə Ukrayna istiqamətində ildə 8 milyon tonadək neft nəqlini təklif edir. Bu barədə "Uryadoviy kuryer" qəzetinə müsahibəsində Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko deyib.
Onun sözlərinə görə, ildə azı 10 milyon ton neft vurularsa, Odessa-Brodı boru kəmərinin işinin rentabelliyinə nail olunacaq.
"Bu gün bizim onun yüklənilməsi üçün bir neçə variantımız var. Rusiya neftinin vurulması üçün mövcud olan revers rejimli sistemin işi ilə yanaşı, Belarusdan ildə beş milyon tonadək Venesuela neftinin tranziti üzrə və Azərbaycandan Ukraynaya ildə avers rejimində səkkiz milyon tonadək neftin tədarükü ilə bağlı təklif var", - Boyko deyib.
Onun sözlərinə görə, bütün bunlar bir neçə il ərzində göstərilən həcmlərin vurulmasına zəmanət verəcək müəyyən təcili müqavilələrlə möhkəmləndirilərsə, bu, Odessa-Brodı neft boru kəmərinin avers rejimdə işi üçün əsas olacaq.
Boyko onu da vurğulayıb ki, Avropada neft bazarının perspektivləri ilə bağlı aparılan beynəlxalq araşdırmaları, eləcə də Xəzər regionunda neft hasilatının həcminin artmasını nəzərə alaraq, Avropa istehlakçılarına Odessa-Brodı-Plosk marşrutu üzrə neft nəqli layihəsi təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün strateji əhəmiyyətə malikdir.
Lakin bununla belə, nazirin qeyd etdiyi kimi, istənilən həm neft, həm də qaz kəməri işləməlidir. Bunun üçün sistemin ilk növbədə yüklənməsi lazımdır, sonrakı illər üçün onun yüklənməsi üçün zəmanət olmalıdır.
Odessa-Brodı neft nəqli layihəsi neftin Ukrayna NEZ-lərinə tədarükün diversifikasiyası və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.
Ukrayna neft boru kəmərinin tikilməsi anından iki il ərzində Xəzər neftinin bu kəmərlə birbaşa nəqlinə nail olmaq üçün uğursuz çalışıb. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü il iyunun sonunda Rusiya neftinin nəqli üçün boru kəmərindən revers istiqamətdə istifadəyə icazə verib.