Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/
"Azəri-Çıraq-Günəşli"
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Müqavilə sahəsinin 30 il ərzində işlənməsi nəzərdə tutulur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də 2006-cı ilin sonunda, "Günəşli" yatağının dərin sulu hissəsində isə 2008-ci ilin yazında başlanıb.
"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 34,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoyl" (8,56 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).
2010-cu il ərzində layihə iştirakçılarının tərkibində və payında dəyişiklik baş verib. Amerikanın Davon şirkəti layihədəki payını satıb. Nəticədə BP (3,29 faiz) və Chevron (0,99 faiz), Inpex (0,96 faiz) və Itocu (0,38 faiz) şirkətləri pay almaq hüququ ilə bağlı öz üstünlüklərindən istifadə ediblər, AÇG-də Devonun iştirak payı bu şirkətlər arasında bölüşdürülüb.
Beləliklə, AÇG layihəsində BP-nin iştirak payı 37,43 faizə, Chevron, Inpex, Itocu şirkətlərinin isə müvafiq olaraq, 11,27 faiz, 10,96 faiz və 4,3 faizə çatıb. Yerdəq alan hissə AzACG - 10 faiz, Statoil - 8,56 faiz, Exxon - 8 faiz, ТРАО - 6,75 faiz və Hess - 2,72 faiz təşkil edir.
Layihədə vacib kapital qoyuluşlarının həcmi təqribən 20 milyard dollardır.
Layihənin statusu:
AÇG-nin işlənməsi üzrə operator BP şirkətinin proqnozlarına görə, bu ilin yekunları üzrə yataqlar blokundan 2009-cu ildəki 40,3 milyon tondan artıq neftə qarşı 42,1 milyon ton neft hasil olunacaq. Bu il dekabrın 16-na olan məlumata görə, AÇG-dən 42,5 milyon ton neft hasil olunub.
AÇG çərçivəsində 2010-cu ilin mühüm hadisəsi "Çıraq" yatağında "Qərbi Çıraq" yeni platformasının tikilməsi hesabına hasilatın artırılması layihəsinin (layihə Chirag Oil Project (COP) adlanır) sanksiyalaşdırılması olub. Eləcə də, BP 16 quyunun qazılmasını nəzərdə tutan qabaqlayıcı qazma çərçivəsində işlərə başlayıb.
"Chirag oil project" altı milyard dollar həcmində investisiyanı nəzərdə tutur.
AÇG-də neft hasilatının artırılması çərçivəsində tikiləcək yeni platformadan Azeri Light növlü neft hasilatının planlaşdırılan sutkalıq həcmi 183 min barel təşkil edəcək. Yeni platformadan səmt qazının gözlənilən sutkalıq həcmi 6,5 milyon kubmetri ötəcək.
Layihə çərçivəsində qabaqlayıcı qazma 2012-ci ilin birinci yarısınadək olan dövrü əhatə edəcək. Bu dövrdə qabaqlayıcı qazmanı "Dədə Qorqud" qurğusu aparacaq. Platformadan hasilata 2013-cü ilin sonunda başlamaq planlaşdırılıb.
Layihənin həyata keçirilməsi çərçivəsində 300 milyon barel neft hasilatı planlaşdırılır.
"Şahdəniz "
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur. Qaz alıcısı kimi Azərbaycan da çıxış edir.
Layihənin statusu
Bu il yataqdan 7,6 milyard kubmer qaz və 2,01 milyon ton kondensat hasil olunması planlaşdırılır. Qaz SCP boru kəmərilə hasil olunur, kondensat isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə vurulur. 2009-cu ildə . "Şahdəniz" yatağından hasilat 6,2 milyard kubmetr qaz və 1,7 milyon ton kondensat təşkil edib. Yatağın işlənməsini texniki operatoru kimi çıxış edən BP şirkətinni məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında yataqdan 5,3 milyard kubmetr qaz və 1,4 milyon ton kondensat hasil olunub. Dekabrın 16-na olan məlumata görə, "Şahdəniz"dən 6,8 milyrad kubmetr qaz hasil olunub.
Hazırda yataqda dörd quyudan qaz hasilatı həyata keçirilir, platformadakı quyulardan birinin texniki vəziyyətinin pis olması üzündən hasilat müvəqqəti dayandırılıb. Bu il yataqda altı hasilat quyusunun qazılması başa çatdırılıb. Hazırda onun mənimsənilməsi üzrə işlər görülür, istismara isə gələn il verilməsi planlaşdırılır. Bu il ərzində yatağın tammiqyaslı işlənməsi (Şahdəniz-2) çərçivəsində qiymətləndirmə qazması üzrə işlərə də başlanılıb. SDX-06 quyusunun qazılması gələn ilin yazında başa çata bilər.
Şahdənizin işlənməsinin birinci mərhələsi çərçivəsində qaz hasilatının ümumi həcmi 180 milyard kubmetr təşkil edir.
"Abşeron"
"Abşeron" layihəsinin iştirakçıları: ARDNŞ - 40 faiz, Fransanın TOTAL şirkəti - 40 faiz , "Gaz De France Suez" - 20 faiz.
"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və TOTAL arasında imzalanıb. TOTAL daha sonra müqavilədəki iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə verib.
Son dövr ərzində bu Azərbaycanda imzalanan ən iri neft-qaz layihəsidir. İlk kəşfiyyat quyusunun dəyəri 100 milyon dollar həcmində qiymətləndirilir.
Layihənin statusu
Xəzərin Azərbaycan sektorundakı "Abşeron" perspektivli qaz-kondensat strukturunda kəşfiyyat quyusunun qazılmasına dekabrın sonlarında - gələn ilin yanvarında başlanacaq.
Kəşfiyyat quyusunun qazılması "Maersk Drilling" şirkətinin operatorluğu altında olan Heydər Əliyev adına qazma qurğu tərəfindən həyata keçiriləcək. Hazırda qurğu Xəzərin Qazaxıstan sektorunda yerləşən "Balıqqulağı dənizi" strukturunda kəşfiyyat qazması həyata keçirir və oradan bu ilin sonu - gələn ilin əvvəllərində gələcək.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geoloqlarının qiymətləndirmələrinə görə, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat ola bilər.
Xarici şirkətlər artıq ikinci dəfədir ki, "Abşeron" perspektiv strukturunda ticari cəlbedici karbohidrogenlərin hasilatına başlamağa cəhd edirlər. 1997-ci ildə layihədə 50 faizlik iştirak payı əldə edən ARDNŞ ilə ABŞ-ın "ChevronTexaco" (şirkət iştirak payının 30 faizini layihənin operatoruna verib) və TOTAL arasında bu sahənin işlənməsi və kəşfiyyatına dair PSA tipli ilk müqavilə imzalanıb. Lakin kəşfiyyat quyusunun qazılmasından sonra yataqda aşkar edilmiş ehtiyatlar kommersiya baxımından cəlbedici olmadığından müqavilə yekunlaşıb.
"Bahar" və "Qum Dəniz"
ARDNŞ dekabrın 22-də Bahar Energy Limited şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum Qəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA tipli müqavilə imzalayıb. ARDNŞ-nin iştirak payı 20 faiz təşkil edir. Bahar Energy Limited şirkətinə isə 80 faiz məxsusdur.
Bahar Energy Limited BƏƏ-də Jebel Ali azad iqtisadi zonasında qeydiyyata alınıb. ARDNŞ 2009-cu il aprelin16-da bu şirkətlə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb.
Layihənin statusu
Müqavilə iki hissədən ibarətdir: birinci hissə yataqlar blokunda reabilitasiyanı və hasilatın stabilləşməsini, ikincisi, "Bahar-2" perspektiv strukturunda kəşfiyyatı nəzərdə tutur. Birinci mərhələdə 50 yeni quyunun qazılması planlaşdırılır . Gələcəkdə 100 quyuda təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Müqavilə 25 il müddətinə bağlanıb və daha beş il müddətinə uzadılması mümkündür. İlkin mərhələdə ARDNŞ-nin mənfəət karbohidrogenlərinin payı 40 faiz təşkil edəcək, gələcəkdə isə 90 faizədək artırılacaq. Bu müqaviləyə qoyulacaq investisiyaların həcmi ilkin hesablamalara görə, bir milyard dollar təşkil edəcək.
Bu yataqlar blokundan hasilat 70 faiz yeni platformada həyata keçiriləcək. Mövcud infrastrukturdan maksimum istifadə planlaşdırılır.
Müqavilənin ikinci hissəsində "Bahar-2" strukturunda kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Üç il müddətində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Əgər ehtiyac yaranarsa, dördüncü il daha bir quyu qazıla bilər.
1955-ci ildən istismarda olan "Qum Dəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 kilometrlik məsafədə yerləşir. İndiyədək yataqdan 28,9 milyon tona yaxın neft və 27 milyard kubmetr qaz hasil edilib.
1969-cu ildən işlənən "Bahar" yatağı Bakının cənub-şərqindən 40 kilometr məsafədə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128,7 milyard kubmetrə yaxın qaz hasil edilib.
"Şəfəq" və "Asiman"
2009-cu ilin iyulunda ARDNŞ və Böyük Britaniyanın ВР şirkəti Bakıda Xəzərin Azərbaycan sektorundakı "Şəfəq" və "Asiman" perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə imzalayıblar.
Artıq bu ilin oktyabrında ARDNŞ və BP bu perspektivli strukturların kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə imzalayıblar.
Müqavilə 30 illik müddətə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə iki quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq həyata keçirəcəklər. Müqavilədə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir.
Mənbənin sözlərinə görə, dünyada bu strukturlar kimi belə mürəkkəb quruluşa malik yataq, demək olar, yoxdur. Və geoloji baxımdan belə mürəkkəb yataq və strukturlarda işlərin üsul və texnologiyası faktiki olaraq işlənmə mərhələsindədir.
ARDNŞ nümayəndəsinin sözlərinə görə, perspektiv bloka daxil olan hər iki struktur qaz-kondensat bloku kimi qiymətləndirilir.
Strukturların ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.
"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum inzalayıblar.
Əvvəllər blokda kəşfiyyat işləri aparılmayıb. O, dənizin dərinsulu hissəsində - suyun dərinliyinin təxminən 650-850 metr olduğu bir ərazidə yerləşir, rezervuarın dərinliyi 7 min metrdir.
"Azəri-Çıraq-Günəşli" dərin qaz yatağı
1994-cü ildə Azərbaycanla imzalanan layihəyə görə, BP və onun AÇG layihəsi üzrə tərəfdaşları neft horizontlarının "Fasilə" lay dəstinədək işlənməsi hüququna malikdirlər. Eyni zamanda, müqavilədə qeyd edildiyi kimi, aşağı horizontların işlənməsi ayrıca sazişin predmetidir.
Azərbaycanın digər dəniz yataqları ilə analogiyaya görə, iddia etmək olar ki, "Fasilə" lay dəstindən sonra məhz Nadkirmakinsk, Podkirmakinsk və Qala lay dəstləri də karbohidrogenlərə malikdirlər.
AÇG-nin ehtiyatları 500 milyard kubmetr təşkil edir. Dərin qaz yataqlarının işlənməsinin yeni (ayrıca) PSA layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Hazırda ARDNŞ AÇG-də dərin sərbəst qaz yataqlarının işlənməsi üzrə şirkətlərin təkliflərini nəzərdən keçirir.
"İnam"
"İnam" layihəsinin iştirakçıları ARDNŞ (50 faiz), BP (layihənin operatoru, 25 faiz), Koreya milli neft şirkəti (20 faiz) və Shell şirkətidir (5 faiz). Müqavilənin şərtlərinə görə, sənaye neft ehtiyatlarının aşkar olunacağı halda, yataq 25 il müddətinə istismar olunmalıdır. Neft ehtiyatalrı 1,4-2 milyard həcmində dəyərləndirilir.
Layihənin statusu
"İnam"da BP şirkətinin həyata keçirdiyi demək olar, 5350 m dərinliyində ikinci kəşfiyyat quyusunun qazılması kommersiya məqsədli karobhidrogen ehtiyatları aşkar edilmədiyi üçün ləğv edilib.
Bu struktur üzrə PSA müqaviləsinin öhdəliklərinə görə, strukurda iki kəşfiyyat quyusu qazılmalıdır. 2001-ci ildə strukturda layihə dərinliyi 5025 metr olan birinci İNX-1 kəşfiyyat quyusunun qazılması aparılıb. Lakin quyuda qəza baş verib və bundan sonra quyu bağlanıb. Bu quyu öhdəliklərin yerinə yetirilməsi kimi hesablanıb. Beləliklə, şirkətin bütün kəşfiyyat öhdəlikləri yerinə yetirilib. Quyu Bakıdan 140 kilometr məsafədə yerləşən və təqribən 225 kvadrat kilometr sahəni əhatə edən müqavilə sahəsində aparılıb. Müqavilə sahəsində suyun dərinliyi şimalda 45 metrdən cənubdə 200 metrədək dəyişir. "İnam bankası"nın minimal dərinliyi dörd metrdir.
"Yalama" (D-222 bloku)
"Yalama" dəniz yatağının işlənməsi üzrə layihə (D-222 bloku) 3 iyul 1997-ci il tarixində hazırlanıb. D-222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 70 metr dərinliyinə qədər, Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir. 2003-cü ildə D-222 blokunda kəşfiyyat işlərinin aparılması və blokun işlənməsinə dair əlavə şərtlərlə bağlı razılaşma zərfi imzalanıb, müqavilə "LUKOYL"un layihədə payının 80 faizədək artırılması və müqavilə sahəsinin 3 min kv. km-ə qədər genişləndirilməsini nəzərdə tutur. 2006-cı ildə kəşfiyyat dövrü 2009-cu il, noyabrın 1-dək uzadılıb.
Layihənin statusu
2004-cü ildə blokun seysmik tədqiqat işləri başa çatıb və axtarış quyusunun qazma işlərinə başlanıb. 2005-ci ildə ilk axtarış quyusunun qazma işləri başa çatıb. Qazma zamanı kommersiya əhmiyyətli karbohidrat ehtiyatları aşkar olunmayıb. 2008-ci ilin oktyabrında "Yalama"da ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 2009-cu ilin əvvəllərində LUKOYL bu quyunun qazılmasını başa çatdırıb. Burada birinci quyuda olduğu kimi karbohidrogenlərin kommersiya ehtiyatları aşkar edilməyib.
2004-cü ildə blokun seysmik tədqiqatları başa çatıb və axtarış quyusunun qazılmasına başlanılıb. LUKOYL şirkəti 2005-ci ildə "Yalama"da layihə dərinliyi 4500 metr olan 4400 metr dərinliyində ilk quyu qazıb. Qazma işləri zamanı şirkəti üçün kommersiya baxımından maraq doğurmayan az həcmdə karbohidrat ehtiyatları aşkarlanıb.
Bir müddət əvvəl LUKOYL-un rəhbəri Vahid Ələkbərov bildirib ki, Xəzərin Azərbaycan sektorundakı "Yalama" layihəsi dondurulub və şirkət gələcəkdə ona investisiyalar qoymağı planlaşdırmır.
"Araz-Alov-Şərq"
"Araz-Alov-Şərq" dəniz perspektivli strukturunun işlənməsinə dair layihənin tərəfdaşları bunlardır: BP (operator) - 15 faiz, Norveçin Statoil - 15 faiz, Amerikanın ExxonMobil - 15 faiz, Türkiyənin TPAO - 10 faiz, Kanadanın Alberta Energy - 5 faiz və ARDNŞ - 40 faiz. Layihəyə zəruri kapital qoyuluşlarının həcmi təxminən dörd milyard dollar təşkil edir.
Layihənin statusu
Layihə Azərbaycanla İran arasında Xəzərin statusu məsələsini həllinədək dondurulub.
"Əşrəfi-Dan Ulduzu "
"Əşrəfi-Dan Ulduzu" perspektivli strukturlarının işlənməsi ilə bağlı müqavilə 1996-cı il dekabrın 14-də imzalanıb. Layihənin iştirakçıları: BP-30%, Unocal - 25,5%, Itochu - 20%, Delta Hess - 4,5%, ARDNŞ - 20%.
Layihənin statusu
Müqavilə karbohidrogenlərin kommersiya cəlbedici həcmlərinin aşkar edilməməsi səbəbindən bağlanıb.
"Atəşgah-Yanan-Tava-Muğan-Dəniz"
"Atəşgah-Yanan-Tava-Muğan-Dəniz" perspektiv dəniz strukturunun işlənməsi üzrə layihədə oprerator vəzifəsini Yaponiyanın JAPEX şirkəti icra edir və şirkət 22,5% iştirak payına malikdir. Müqavilənin iştirakçılarına aşağıdakılar da daxildir: ARDNŞ - 50%, Yaponiyanın İNREX şirkəti - 12,5%, İTOCHU şirkəti "Teykoku" şirkəti ilə birlikdə 7,5%. Layihə üçün tələb olunan kapital yatırımlarının ümumi həcmi 2,3 mlrd. dollar dəyərində qiymətləndirilir.
Layihənin statusu
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"ZƏFƏR-MƏŞƏL"
"Zəfər-Məşəl" dəniz perspektiv strukturunun işlənməsi üzrə müqavilə Amerikanın "ExxonMobil" şirkəti və ARDNŞ arasında 1999-cu il aprelin 27-də imzalanıb. Layihənin iştirak payının 50%-i ARDNŞ-ə, 30% -i isə "ExxonMobil"a məxsus idi. 2000-ci ildə yerə qalan 20% Amerikanın "ConocoPhillips" şirkətinə verilib. Layihəyə qoyulan investisiyalar 2 mlrd. dollar dəyərində qiymətləndirilib, neft ehtiyatının proqnozlaşdırılan həcmi isə, 140 mln. ton həcmində qiymətləndirilib. Bu həcmin 100 milyon tonu "Zəfər"in, 40 milyon tonu "Məşəl"in payına düşür.
Layihənin statusu
Layihə kmmersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"NAXÇIVAN"
"Naxçıvan" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştirakçıları aşağıdakı kimi olub: ExxonMobil - 50%, ARDNŞ - 50%.
Layihənin statusu
Bu ilin martında ARDNŞ və Almaniyanın RWE şirkəti "Naxçıvan" perspektiv dəniz strukturu üzrə qarşılıqlı anlaşma memortandumu imzalayıblar. Memorandumun şərtlərinə görə, 2011-ci il martın 10-dək şirkətlər PSA tipli layihənin hazırlanması üçün zəruri işlər görməlidirlər.
Strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton qaz kondensatı həcmində proqnozlaşdırılır.
"QARABAĞ"
"Qarabağ" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1995-ci il noyabrın 10-da imzalanıb. Layihənin iştirakçıları aşağdakı kimidir: LukAgip - 45,5%, Pennzoil - 30%, LUKOİL - 12%, Agip - 5%, ARDNŞ - 7,5%.
Layihənin statusu
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"KÜRDAŞI"
"Kürdaşı" - "Araz-Dəniz" və "Kirgan-Dəniz" dəniz yataqları blokunun kəşfiyyat işləri və işlənməsinə dair müqavilə 1998-ci il iyunun 2-də ARDNŞ (50%), İtaliyanın Agip (25%), Yaponiyanın Mitsui (15%), Türkiyənin TRAO (5%) və İspaniyanın Repsol şirkətləri arasında imzalanıb.
Layihənin statusu
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"LƏNKƏRAN-TALIŞ-DƏNİZ"
"Lənkəran-Talış-Dəniz" perspektiv dəniz yataqlarının işlənməsi üzrə müqavilə 1997-ci il yanvarın 13-də imzalanıb. Layihənin iştirakçıları aşağdakılar olub: Total - 35%;, OEİC - 10%, Wintershall 30%, ARDNŞ - 25%.
Layihənin statusu
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"LERİK DƏNİZ"
"Lerik dəniz" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1999-cu il aprelin 27-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakı kimi olub: ARDNŞ - 50%, "ExxonMobil" 30%, digər xarici neft şirkətləri - 20%.
Layihənin statusu
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"OĞUZ"
"Oğuz" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştiraksıları aşağıdakı kimi olub: "ExxonMobil", ARDNŞ - 50%.
Layihənin statusu
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə əlaqədar bağlanıb.
"SAVALAN"
"Savalan" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1999-cu il aprelin 27-də imzalanıb.
Layihənin statusu
Müqavilə hələ Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmayıb. Layişənin iştirakçıları aşağıdakı kimidir: ExxonMobil - 30%, ARDNŞ - 50%, layihənin 20%-i hələ bölünməyib.