Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından sutkalıq qaz hasilatı 10 milyon kubmetr təşkil edib. Noyabrda bu göstərici 20 milyon kubmetrdən artıq olub. Bu barədə çərşənbə günü neft-qaz bazarındakı mənbə məlumat verib.
Mənbənin bildirdiyi kimi, hazırda yataqdan alınan qaz Türkiyə və Gürcüstana, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin nasos stansiyasına nəql olunur. Hazırda Azərbaycan yataqdan qaz almır.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
Yataqda ən yüksək hasilatın 8,6 - 9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi (Şahdəniz-2) çərçivəsində burada qaz hasilatının ildə 24-25 milyard kubmetrədək artırılacağı gözlənilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.