Türkmənistan, Aşqabad, 28 fevral /Trend, müxbir H.Həsənov/
Bazar ertəsi Aşqabadda Türkmənistan Neft-Qaz Sənayesi və Təbii Ehtiyatlar Nazirliyinin təşkil etdiyi "Transxəzər boru kəmərlərinin ekoloji aspektləri" beynəlxalq konfransı işə başlayıb.
Tədbirdə təxminən 20 dövlətin şirkətlərinin, təbiətin mühafizəsi üzrə müəssisələrin və elmi mərkəzlərin 300-ə yaxın nümayəndəsi iştirak edir. Dəvət olunanlar arasında Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstriya, Norveç, Cənubi Koreya, Çin, Kanada, Qazaxıstan, Malayziya, Türkiyə, BƏƏ və digər ölkələrin yanacaq energetikası kompleksinin, Xarici İşlər nazirliklərinin, beynəlxalq təşkilat və şirkətlərinin aparıcı mütəxəssisləri və ekspertləri yer alıb.
Təşkilatçıların qeyd etdiyinə görə, "Aşqabadda Xəzər məsələləri üzrə geniş mütəxəssislər dairəsi toplayan bu forum o faktın bariz təsdiqi oldu ki, hazırda enerji strategiyasını uğurla həyata keçirən Türkmənsitan Xəzər dənizinin təbii zənginliklərinin effektiv və təhlükəsiz mənimsənilməsinin əməli mexanizmlərinin və prinsiplərinin yaradılmasına şərait yaradan mühüm beynəlxalq mərkəzə çevrilir".
Konfransın gündəliyinə Xəzərdə beynəlxalq ekoloji əməkdaşlıq, Xəzər dənizinin karbohidrogen resurslarının mənimsənilməsi və istismarı zamanı ekoloji tələblərə və normalara əməl olunması, dəniz kəmərlərinin çəkilməsinin regional və qlobal təcrübəsi və xüsusilə Xəzərdə kəmərlərin qurulması zamanı bu təcrübənin tətbiqi məsələləri daxildir.
Məlumata əsasən, digər Xəzəryanı dövlətlərlə yanaşı, Türkmənsitan neft və təbii qaz yataqlarının dinamik mənimsənilməsinə yönələn, qlobal enerji bazarında tələb olunan bir sıra investisiya layihələri həyata keçirir. Bu istiqamətdə iş nəqliyyat infrastrukturunun kompleks inkişafını da nəzərdə tutur.
Xəzərin Türkmənistan sektorunda ehtiyatlar 12 milyard ton neft və 6,5 trilyon kubmetr qaz qiymətləndirilir. Bu dəfəki konfransın xüsusi aktuallığı ondan ibarətdir ki, hazırda Xəzər kəşfiyyat, işlənmə və karbohidrogenlərin xarici bazarlara nəqli üzrə fəal işlər zonasına çevrilir.