...

"Ağ axın" "Nabukko"ya qazla kömək etmək istəyir

Energetika Materials 5 Mart 2011 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Bədəlova/

"Ağ axın" qaz kəməri konsorsiumu "Nabukko" ilə səmərəli əməkdaşlığa ümidvardır və bu layihələrin paralel reallaşdırılmasını bütün "Cənub qaz dəhlizi" konsepsiyasının uğurlu zəmanəti olacağını hesab edir.

Britaniyanın "White Stream Pipeline Company" şirkətinin sədri Roberto Pirani (Roberto Pirani) hesab edir ki, "Nabukko" və "Ağ axın"ın eyni vaxtda reallaşdırılması hər iki layihə üçün faydalı olacaq, transit risklərini aradan qaldırmağa kömək edəcək və boru kəmərlərinin doldurulması məsələsini həll edəcək.

"Cənub dəhlizi"nin uğuru tranzit risklərinin azaldılmasından asılıdır ki, buna "Nabukko" və "Ağ axın" layihələrinin paralel reallaşdırılması yolu ilə nail olmaq mümkündür", - Pirani elektron poçtla Trend-ə bildirib.

"Aydındır ki, "Cənub qaz dəhlizi" açılacağı halda Xəzər qazının böyük hissəsi Türkiyədən nəql olunacaq" , - Pirani bildirib.

Onun sözlərinə görə, təkcə "Nabukko"nun tikintisi qaz nəqlinin təhlükəsizliyini təmin etmir. Bununla yanaşı, ehtimal olunan Transxəzər qaz kəmərinin tikintisi zamanı türkmən qazının nəqli üçün buraxılış qabiliyyətinin kifayət etməməsi məsələsi də açıq qalır.

"Cənub dəhlizi" layihəsinin mühüm tərkib hissəsi olan Transxəzər qaz kəmərinin Xəzərin dibi ilə Türkmənistan sahilindən Azərbaycan sahilinə qədər çəkilməsi planlaşdırılır.

Transxəzər qaz kəməri bu gün "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan qazın nəql olundujğu Cənubi Qafqaz boru kəmərinin (SCP) davamı olmalıdır . SCP-in uzunluğu 700 kilometrdən artıqdır. Bu kəmərlə qaz Gürcüstana və Türkiyəyə ixrac olunur.

Lakin belə bir fikir mövcuddur ki, SCP-in buraxılış qabiliyyəti Avropa bazarları üçün nəzərdə tutulan türkmən qazının nəqli üçün kifayət etmir.

Piraninin dediyi kimi, "Ağ axın" qaz kəmərinin çəkilişi bu məsələni də həll edə bilər. Onun sözlərinə görə, qaz kəməri Cənubi Qafqaz boru kəmərinin, eləcə də "Nabukko"nun gücünü artıra və qazla təchiz edə bilər.

"Ağ axın" Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq SCP ilə parallel Gürcüstanın Supsa limanınadək çəkiləcək.

Onun sözlərinə görə, "Nabukko" və "Ağ axın" layihələrinin paralel reallaşdırılması Türkmənistan üçün də Avropa bazarlarına daha çox həcmdə qaz ixrac etmək imkanı açır.

"Nabukko" layihəsi türkmən qazının tədarükü üçün yalnız 10 milyard kubmetr buraxılış qabiliyyətinə malik qaz kəməri təklif edə bilər ki, bu da Transxəzər qaz kəmərinin reallaşdırılmasına başlamaq üçün kifayət deyil", - Pirani deyib.

Onun sözlərinə görə, "Nabukko" və "Ağ axın" boru kəmərlərinin inhisarlaşdırılmamış ixrac imkanlarının mövcudluğu Türkmənistana bu layihələr çərçivəsində öz qazı üzrə müqavilələr bağlamağa imkan verəcək və ölkəyə onşor işlənmə və qaz hasilatına yeni investisiyalar axınına yardım edəcək. Bundan əlavə "Cənub dəhlizi" üçün digər qaz tədarükçülərinin cəlb edilməsinə qapılar açılır.

Pirani onu da bildirib ki, "Nabukko"nun ITGI (Türkiyə-Yunanıstan-İtaliya), yaxud TAP (Transadriatik boru kəməri) layihələri ilə birləşdirilməsi ideyalarını dəstəkləyir.

Lakin onun sözlərinə görə, bu birləşdirilmə yalnız "Ağ axın" layihəsi ilə paralel reallaşdırma ilə nəticə qazana bilər.

"Ağ axın" layihəsi Azərbaycan qazının Gürcüstanın Supsa limanından Qara dəniz vasitəsilə Rumıniyanın Konstansa limanına və digər Aİ ölkələrinə boru kəməri ilə nəqlini nəzərdə tutur.Boru kəmərinin ilkin gücü ildə 8 milyard kubmetr təşkil edəcək, sonralar 16, daha sonralar isə 32 milyard kubmetrədək artırılacaq.

Layihənin reallaşdırılması bir neçə mərhələdən ibarət olacaq. Onlardan birincisi Gürcüstandan Rumıniyaya Qara dənizlə uzanacaq sualtı boru kəmərinin çəkilməsini nəzərdə tutur.Kəmərin ümumi uzunluğu dənizin dibi ilə 1100 kilometr təşkil edəcək. Boru kəməri 200 metr dərinlikdən keçəcək.

"Nabukko" qaz kəməri Xəzər regionundan və Yaxın Şərq ölkələrindən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutur..

"Nabukko" qaz kəməri nin tikintisi iki fazada həyata keçiriləcək. Birinci fazanın tikintisi (2012 -ci il) Türkiyənin sərhədlərindən başlayaraq Avstriyanın Baumqarten şəhərinədək 2 min kilometr uzunluğunda yeni kəmərin çəkilişini nəzərdə tutur. İkinci faza (2014-2015 -ci illər) Türkiyə və Gürcüstan arasında, eləcə də Türkiyə ilə İraq arasındakı sərhədlərdə boru kəmərini yerdə qalan hissəsinin tikintisindən ibarətdir.

Uzunluğu 3300 kilometr olan boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti