Azərbaycan, Bakı, 20 aprel /Trend/
ARDNŞ emal kompleksində istehsal edilən neft məhsullarının keyfiyyətinin artırılması, Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Modernləşdirmə üzrə işlər zavodda istehsal edilən benzinin keyfiyyətinin yaxşılaşdırılması və onun Avro-3 standartına çatdırılması məqsədilə lazımdır.
Məlumatda deyildiyinə görə, iqtisadi əsaslandırması aparılan Yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi inşa olunduqdan sonra ölkəmizdə "Avro-5" standartına uyğun benzinlərin istehsalına başlanılacaq.
Hazırda Azərbaycanda benzin Heydər Əliyev adına NEZ-də istehsal olunur.
2010-cu ildə zavodda ümumilikdə 1,25 milyon ton benzin istehsal edilib. Bu göstərici 2000-ci ildə 537 min ton olub. Ötən il zavodda istehsal olunan benzinin ümumi həcmindən 1,23 milyon tonu A-92 markalı, 20 min tonu A-76 markalı benzinin payına düşüb. Aparılan işlər nəticəsində 2000-ci illə müqayisədə ötən il A-76 benzinin istehsalı xeyli azaldılıb. 2000-ci ildə 446 min ton А-92 markalı benzin sitehsal edilib. A-76 markalı benzin isə 91 min ton həcmdə istehsal olunub.
Məlumata əsasən, 1996-cı ildə istehsal olunmuş avtomobil benzininin 49,7 faizi A-92 və A-95 markalı benzinlər təşkil etdiyi halda, 1999-cu ildə həmin məhsulların istehsalı 69,3 faizədək yüksəlib. Nisbətən aşağı keyfiyyətə malik A-76 markalı benzinin istehsalı isə əksinə 50,3 faizdən 30,7 faizə endirilib. 1997-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi yüksəlişi fonunda digər yanacaq növləri ilə bərabər, avtomobil benzinlərinə tələbat da yüksəlib.