...

Azərbaycan Parlamenti daha bir neft-qaz müqaviləsini təsdiq etdi

Energetika Materials 6 May 2011 17:39 (UTC +04:00)
Azərbaycan Milli Məclisi Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlar blokunun kəşfiyyatı, reabilitasiyası, işlənməsi və pay bölgüsü üzrə müqaviləni təsdiq edib.
Azərbaycan Parlamenti daha bir neft-qaz müqaviləsini təsdiq etdi

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlar blokunun kəşfiyyatı, reabilitasiyası, işlənməsi və pay bölgüsü üzrə müqaviləni təsdiq edib.

Ötən ilin uyununda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "UGE-Lanser PTI" şirkəti Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir.

Müqavilə beş illik prolonqasiya ilə 25 il müddətinə imzalanıb. Müqavilədə iştirakın 75 faizi "Lanser", 25 faizi isə ARDNŞ-nin payına düşür.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin əvvəllər dediyi kimi, əldə olunan neft gəliri R-factor formulunda hesablanacaq. Azərbaycanın payına ilk dövrlərdə 55 faiz, daha sonra 92,5 faiz gəlir düşəcək. Layihədə olan investisiyalar neft hasilatının stabilləşdirilməsi və yataqlarda bərpa işlərinin aparılması üçün kifayət edəcək bir neçə yüz milyon dollar təşkil edir.

Balaxanı-Sabunçu-Ramana yataqları 1871-ci ildən istismara verilib. Bu günə qədər burada 9549 quyu qazılıb və 271 milyon ton neft hasil olunub. Neftin qalıq ehtiyatı 7,3 milyon ton qiymətləndirilir. 2009-cu ildə burada 208,2 min ton neft hasil olunub. Hazırda yataqlar bloku "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin balansında yerləşir. İstismar olunan fondda 1124 quyu, fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.

1914-cü ildən 1947-ci ilə qədər Kürdəxanı yatağında geoloji-axtarış işləri aparılıb. Yatağın işlənib hazırlanmağa başladığı dövrdən 2010-cu ilin yanvarın 1-dək 59 quyu qazılıb və 198 min ton neft hasil edilib. Qalıq ehtiyatı 205 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti