...

ERRA Azərbaycanın enerji sektorundakı yeniliklərlə maraqlanır

Energetika Materials 22 Sentyabr 2011 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Tarif Şurasının qərarlarının iyirmi faizi enerji sektorunun payına düşür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı iqtisadi inkişaf naziri, Tarif Şurasının sədri Şahin Mustafayev ERRA-nın (Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası) sədrlər yığıncağı və Qiymətəmələgəlmə və Tariflər üzrə komitəsinin iclasında bildirib.

"Tarif Şurasının fəaliyyəti nəticəsində enerji sektoruna dövlət büdcəsindən subsidiyaların verilməsi dayandırılıb", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycanın ERRA-nın bütün üzvləri ilə sıx əlaqələri qurulub.

ERRA-nın sədri Qabor Soreninin fikrincə, Azərbaycan xalis qaz ixracatçısına və dünya qaz bazarında əsas oyunçulardan birinə çevrilib. Çərşənbə günü Soreni ARDNŞ (Azərbaycan Respublikası Dövlvət Neft Şirkəti) nümayəndələri ilə "Şahdəniz"dən hasil olunan qazın Avropaya çatdırılmasının mümkün marşrutlarının müzakirəsi ilə əlaqədar görüş keçirib.

"Sonrakı iki gündə biz Azərbaycanın enerji sektorundakı, xüsusilə də bazar inteqrasiyası, bərpa olunan enerji resurslarından istifadəyə dəstək, enerji tənzimləmələri və digər məsələlər üzrə yeniliklərlə tanış olacağımıza ümid edirik", - o deyib.

ERRA-nın iclası sentyabrın 23-dək davam edəcək.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılıb.

Təşkilatın vəzifələri üzv ölkələrin tənzimləyici qurumlarının dəstəklənməsi, informasiya və təcrübə mübadiləsinin asanlaşdırılması, elmi tədqiqat və praktiki bilik səviyyəsinin artırılması, o cümlədən tədris-təhsil və texniki sahələrdə əməkdaşlığın təşviqidir.

Xəbər lenti

Xəbər lenti