Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.İsmayılov/
İki il ərzində "Azəristiliktəchizat" SC Bakıda və ölkənin rayon mərkəzlərində köhnə çoxmənzilli binaları mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz etməyi planlaşdırır. Bu barədə SC-nin sədr müavini İlham Mirzəliyev cümə axşamı Trend-ə bildirib.
Onun sözlərinə görə, son illər ərzində SC bu sahədə böyük işlər görüb. SC-də işlər bir sıra dövlət proqramları çərçivəsində, o cümlədən regionların sosial-iqtisadi inkişafı, Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində həyata keçirilir.
Belə ki, təkcə cari ildə 200-ə yaxın obyektdə istilik sistemi bərpa edilib və yenidən şəbəkəyə qoşulub. Onların arasında 141 yaşayış evi, 24 məktəb, on uşaq bağçası, eləcə də səhiyyə və digər təyinatlı obyektlər var.
Mirzəliyev bildirib ki, ümumilikdə, 2011-2012-ci illər istilik mövsümü çərçivəsində 2005-ci ildəki 166 ədədə qarşı 357 ədəd qazanxana işlək vəziyyətdə olacaq.
İstilik mövsümü noyabrın 15-dən başlayır.
Bu il respublikada istilik enerjisi ilə təmin olunacaq obyektlərin sayı və onların artım dinamikası üzrə ümumi cədvəl:
Obyektlər |
2011-ci ildə cəmi |
2005-ci ildə cəmi |
Yaşayış binaları |
2550 |
988 |
Məktəblər |
267 |
146 |
Uşaq bağçaları |
162 |
84 |
Səhiyyə obyektləri |
126 |
61 |
Başqa sosial obyektlər |
315 |
91 |
2011-2012-ci illər istilik mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulan bütün zəruri işlər görülüb. O cümlədən SC-də istilik xətlərinin çəkilişi, təmiri və dəyişdirilməsi, qazanxaların tikintisi və təmiri, eləcə də nasosların quraşdırılması və təmiri üzrə işlər yerinə yetirilib.
"İşlərin gedişində, o cümlədən istilik enerjisinin istehsalı zamanı qaza qənaət etməyə imkan verən xaricdə istehsal olunmuş yeni və müasir avtomatlaşdırılmış avadanlıqlardan istifadə olunur", - SC-nin sədr müavini bildirib.
Onun sözlərinə görə, SC istifadəsi rahat olan daşınan modul tipli qazanxanalardan istifadə etmək üçün lisenziyaya malikdir.
Mirzəliyevin sözlərinə görə, son vaxtlar mərkəzləşdirilmiş istilik sisteminin bərpa olunmasını istəyən abunəçilərin sayı artıb. Onun sözlərinə görə, bu, mərkəzləşdirilmiş istilik sisteminin iqtisadi baxımdan nisbətən daha səmərəli, ekoloji təmiz, təhlükəsiz qızma mənbəyi olması ilə izah olunur.
İstilik enerjisi istehlakçılarının Azərbaycanda bu sahədə görülən işlərlə daha yaxından məlumatlandırılması və tarifləri haqqında məlumatları əldə etmək məqsədilə SC bu ay ərzində özünün www.azeristiliktechizat.az internal-portalını işə salmağı planlaşdırır.