...

ARDNŞ prezidenti ABŞ-da görüşlər keçirib

Energetika Materials 8 Dekabr 2011 19:16 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarından olan Rays Universitetinin rektoru Devid Libron ilə görüşüb.
ARDNŞ prezidenti ABŞ-da görüşlər keçirib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarından olan Rays Universitetinin rektoru Devid Libron ilə görüşüb.

Trend-in cümə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı rektora ARDNŞ-nin nəzdində Bakı Ali Neft Məktəbinin təsis edilməsi barədə məlumat verən Abdullayev yeni universitetdə ingilis və Azərbaycan dillərində yüksək standartlara uyğun təhsil veriləcəyini nəzərə çatdıraraq, bu məqsədlə nüfuzlu xarici universitetlərlə əlaqələrin yaradılmasına başlanıldığını bildirib. Libron ARDNŞ-dən olan qonaqları salamlayaraq, Azərbaycanla ABŞ-ın Texas ştatı arasında neft və qaz sənayesinə əsaslanan yaxın əlaqələrin mövcud olduğunu bildirib. Görüşdə Rays Universiteti ilə tanışlığın qarşıdakı mərhələdə həyata keçiriləcək birgə layihələr üçün zəmin yaradacağına əminlik ifadə olunub.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin növbəti görüşü Hyuston şəhərinin meri Ennis Parkerlə olub. Abdullayev qeyd edib ki, çox sayda hyustonlu iş adamı Bakıda biznes fəaliyyəti ilə məşğul olurlar. ABŞ vətəndaşları olan həmin biznesmenlərin Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ətraflı məlumatlar ala bilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan Hyustona səfər etməkdə məqsədinin ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasına töhfə vermək olduğunu deyən ARDNŞ prezidenti şirkətin nəzdində Bakı Ali Neft Məktəbinin yaradılması məsələsi üzərində xüsusi dayanıb. Abdullayev yeni ali məktəbin fəaliyyətinin beynəlxlaq standartlara uyğun qurulmasında ABŞ təhsil sisteminin öyrənilməsinin faydalı olacağını bildirib.

Hyuston meri Ennis Parker Azərbaycana səfər edən dostlarının bu ölkə haqqında çox gözəl fikirlər söylədiklərini qeyd edərək, universitetlər səviyyəsində qurulan əlaqələrin Hyuston ilə Bakı arasında münasibətləri daha da gücləndirəcəyinə inandığını bildirib. Abdullayev Hyustona biznes məqsədilə deyil, təhsilə dəstək vermək məqsədilə gəldiyini deyib.

"Biz təhsilə böyük əhəmiyyət veririk və sizin yardımınızla biliklər mübadiləsini həyata keçirəcəyik", - o əlavə edib.

Bu il nüfuzlu "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qalib gəldiyini və gələn il həmin müsabiqənin Bakıda keçiriləcəyini deyən ARDNŞ prezidenti Bakının sürətlə böyüyüb inkişaf etdiyini nəzərə çatdırıb və bu inkişafa şahid olmaq üçün Hyuston merini Bakıya dəvət edib.

Azərbaycanlıların qonaqpərvərliyi haqda çox eşitdiyini deyən mer Parker əgər imkan olarsa, "Eurovision-2012" müsabiqəsini izləmək üçün Bakıya gəlmək istədiyini söyləyib. Görüşün sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti