...

Azərbaycan qaz hasilatını artırıb

Energetika Materials 14 Sentyabr 2012 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 29,41 milyon tona yaxın neft və kondensat hasil olunub ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 6,9 faiz azdır. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2011-ci ildə Azərbaycanda 2010-cu ildəki 50,83 milyon tona qarşı cəmi 45,37 milyon ton neft hasil olunub.

Yanvar-avqust aylarında neft hasilatının əsas həcmi xarici tərəfdaşlarla birgə işlənən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-avqustda Azərbaycanda qaz hasilatı təqribən 11,41 milyard kubmetr təşkil edib ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 5,7 faiz çoxdur.

2011-ci ildə respublikada 2010-cu ildəki 26,23 milyard kubmetrə qarşı 26 milyard kubmetrə yaxın qaz hasil olunub.

Yanvar-avqustda ölkədə 14 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bu, 2011-ci ilin analoji dövr göstəricisindən 10,2 faiz çoxdur.

2011-ci ildə respublikada 20 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da 2010-cu ildəkindən 8,4 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti