...

"Panasonic" metanolla işləyən yanacaq elementlərini təqdim edib

Energetika Materials 22 Oktyabr 2012 15:28 (UTC +04:00)
XXI əsrin texnoloji yeniliyi olan yanacaq elementlərinin effektivliyi və populyarlığını dəyərləndirən dünya şirkətləri onların istehsalına və ya öz sistemlərində istifadəsinə başlayıblar.
"Panasonic" metanolla işləyən yanacaq elementlərini təqdim edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

XXI əsrin texnoloji yeniliyi olan yanacaq elementlərinin effektivliyi və populyarlığını dəyərləndirən dünya şirkətləri onların istehsalına və ya öz sistemlərində istifadəsinə başlayıblar. Bu yaxınlarda Asiya qitəsinin telekommunikasiya şirkətləri metanol və hidrogenlə işləyən yanacaq elementlərindən öz şəbəkələri üçün elektrik enerjisi təchizatı məqsədilə istifadə etmək niyyətində olduqlarını ifadə etmişdilər.

Metanolun birbaşa parçalanmasına əsaslanan yanacaq elementləri (Direct Methanol Fuel Cells) qaz generatorları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir: təmiz və təhlükəsiz qaz tullantıları, yüngül vibrasiya və ya onun tamamilə yoxluğu, avtomatik fasiləsiz iş rejimi və cüzi CO2 tullantıları.

Fuelcellsworks.com saytının yazdığına görə, "Panasonic" batareyaların istehsalı ilə məşğul olan aparıcı dünya şirkətlərindən biri kimi, metanolun birbaşa parçalanmasına əsaslanan yanacaq elementləri sahəsində bir sıra layihə və ixtiralar dərc etdirib. Bu elementlər metanol yanacağından və havanın tərkibində olan oksigendən istifadə etməklə elektrik enerjisi əmələ gətirir. Bu qurğular tibbi diaqnostika və kompüterlə idarə olunan arabacıqlar, eləcə də portativ generatorlar kimi mobil məhsullarla bağlı tətbiq sahələri üçün idealdır.

Yanacaq elementlərinin spesifik xüsusiyyətlərinə bunlar daxildir: təmiz qaz tullantıları, vibrasiyanın yoxluğu, ənənəvi batareya və akkumulyatorlarla müqayisədə daha uzunmüddətli və fasiləsiz işləmə qabiliyyəti.

Şirkətin batareya satış qrupunun direktoru Bob Rauh belə deyib: "Bu yanacaq elementləri ənənəvi generatorlarla müqayisədə bir çox üstünlüklər vəd edir. Onların istehsalı bizim ətraf mühit üçün daimi narahatlığımızın sübutudur".

"Pike Research" şirkətinin analitikləri yanacaq elementlərinin parlaq gələcəyi olduğunu proqnozlaşdırırlar. Onların son hesabatına görə, kompakt yanacaq elementləri bazarının dövriyyə həcmi 2016-cı ilədək ötənilki 185 milyon ABŞ dollarından 2,3 milyard ABŞ dollarınadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti