...

İranın OPEK-də baş katiblik postu üçün səs qazanmaq şansı çox azdır – ekspert

Energetika Materials 12 Dekabr 2012 14:36 (UTC +04:00)
Neft və qaz məsələləri üzrə ekspert, İranın Milli Neft Şrikətinin beynəlxalq əlaqələr şöbəsinin sabiq rəisi doktor Pərviz Mina hesab edir ki, İran OPEK-in baş katibi vəzifəsinə namizədliyini versə də, bu vəzifə üçün səs toplamaq şansı çox azdır, hətta demək olar ki, yoxdur.
İranın OPEK-də baş katiblik postu üçün səs qazanmaq şansı çox azdır – ekspert

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir T.Cəfərov/

Neft və qaz məsələləri üzrə ekspert, İranın Milli Neft Şrikətinin beynəlxalq əlaqələr şöbəsinin sabiq rəisi doktor Pərviz Mina hesab edir ki, İran OPEK-in baş katibi vəzifəsinə namizədliyini versə də, bu vəzifə üçün səs toplamaq şansı çox azdır, hətta demək olar ki, yoxdur.

"Hazırda İran və ərəb ölkələri arasında 2013-cü il üçün OPEK-in baş katibi vəzifəsi uğrunda güclü rəqabət, eləcə də ABŞ və Avropa ölkələrinin İranın nüvə proqramı ilə bağlı bu ölkəyə təzyiqlərini nəzərə alsaq, İranın səs toplamaq şansı çox azdır", - Mina Trend-ə müsahibəsində deyib.

2012-ci ilin iyun ayında İranın neft naziri Rüstəm Qasimi OPEK-in hazırkı rəhbərinə ünvanladığı məktubda 2013-cü il üçün təşkilatın baş katibi vəzifəsinə namizədi təqdim edib. Qasimi bu vəzifəyə İranın sabiq neft naziri, İranın Milli Neft Şirkətinin sabiq rəhbəri Qulamhüseyn Nozərinin namizədliyini irəli sürüb.

OPEK-in hazırkı rəhbəri liviyalı Abdullah Salim əl-Bədri bu il dekabrın 31-də istefaya gedəcək. İrandan başqa, Səudiyyə Ərəbistanı, İraq da bu vəzifəyə öz namizədlərini irəli sürüblər. Bundan öncə Ekvador da namizədliyini irəli sürsə də, iclasdan öncə namizədliyini geri götürüb.

Bu gün Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasda OPEK-in 2013-cü il üçün yeni baş katibi seçiləcək.

Minanın fikrincə, Səudiyyə Ərəbistanı və İraqdan olan namizədlərin qələbə qazana biləcəkləri ehtimalı daha böyükdür.

O, hesab edir ki, OPEK-in baş katibi iranlı olarsa, bu ölkənin OPEK-də mövqeyi və rolu artar və bu təşkilatın proqramlarının icrası effektli olar.

İran OPEK-in təsisçilərindən biri və təşkilatda ikinci neft istehsalçısı olaraq 2011-ci il üçün bu quruma sədr seçilmişdi. Oktyabrın 14-də Avstriyanın paytaxtı Vyanada 12 OPEK üzvünün iştirakı ilə keçirilən 157-ci iclasda İranın neft naziri Seyyid Məsud Mirkazımi təşkilata sədr seçildi, İraqın neft naziri isə onun müavini oldu.

1961-dən 1964-cü ilə qədər OPEK-in ilk baş katibi iranlı Fuad Ruhani olub və İran bu günədək 9 növbədə OPEK-in konfranslarına başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti