...

ARDNŞ-də vəzifə standartlarının hazırlanması və karyera inkişaf sistemi layihəsinin təqdimatı keçirilib

Energetika Materials 3 Sentyabr 2013 19:54 (UTC +04:00)
Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə vitse-prezidentlərin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə şirkətdə vəzifə təlimatlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə əlaqədar müşavirə keçirilib.
ARDNŞ-də vəzifə standartlarının hazırlanması və karyera inkişaf sistemi layihəsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev/

Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə vitse-prezidentlərin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə şirkətdə vəzifə təlimatlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə əlaqədar müşavirə keçirilib.

Trend-in məlumatına görə, müşavirədə qeyd olunub ki, ARDNŞ-də mövcud vəzifələrə verilən müasir tələblər və beynəlxalq təcrübəyə uyğun olan yeni standartların hazırlanması istiqamətində böyük iş görülüb. Aparılan tədbirlər barədə təqdimat müşavirə iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə, həmçinin ARDNŞ-nin Ekologiya İdarəsi və İnformasiya Texnologiyaları və Rabitə İdarəsində 2013-cü ilin I rübündə həmin sistemin pilot layihə kimi tətbiq olunduğu nəzərə çatdırılıb, İnsan Resursları Departamenti tərəfindən pilot layihənin nəticələrinə dair təqdimat keçirilib. Bildirilib ki, layihə çərçivəsində işçilər öz təhsil istiqamətləri, əmək stajlarına uyğun olaraq karyeralarını inkişaf etdirmək istədikləri sahə və vəzifələri seçmək imkanı əldə ediblər. Sistem, həmçinin işçilərin peşəkarlıq və fərdi keyfiyyət göstəricilərinin artırılması məqsədilə onların təlim ehtiyaclarının müəyyənləşdirilməsinə və nəticədə müəyyən edilmiş fərdi inkişaf proqramlarında iştirakına imkan yaradıb.

Layihədə ümumilikdə 1449 işçi iştirak edib. Seçim mərhələlərini keçən 505 nəfər karyera seçimləri üzrə sorğuya cəlb olunub, onlardan karyerasını inkişaf etdirmək istəyən 470 nəfərin xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib. Xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində 218 nəfər test üsulu ilə biliklərin yoxlanılması mərhələsində iştirak edib. Test imtahanı nəticəsində 25 işçinin dərəcəsinin artırılması məqsədəuyğun hesab edilib, 55 nəfər iddia etdikləri vəzifələr üzrə ehtiyat işçi qismində qeydə alınıb. 11 nəfər şirkətdaxili treninqlərdə təlimçi qismində seçilib.

Təqdimatdan sonra ARDNŞ-də yeni vəzifə standartlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə əlaqədar fikirlər dinlənilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Müşavirəyə yekun vuran ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Şirkətdə kadrların hazırlanması, yerdəyişməsi və karyera inkişafı üzrə aparılan işlərin əhəmiyyətini vurğulayıb, gənc mütəxəssislərin gələcək karyeralarını qura bilmələri üçün bu tədbirlərin mühüm həvəsləndirici rolunu qeyd edib. O, beynəlxalq tələblər səviyyəsində vəzifə standartlarının hazırlanması işlərindən və karyera inkişaf sisteminin tətbiqi ilə bağlı pilot layihənin nəticələrindən razı qaldığını bildirib, layihənin ARDNŞ-nin digər müəssisələrində də tətbiq edilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

R.Abdullayev deyib ki, ARDNŞ yeni beynəlxalq standartlardan istifadə etməklə kadrların hazırlanmasına başlayıb. ARDNŞ prezidentinin sözlərinə görə, işçilərin bilik səviyyəsini artırmaq üçün qüvvədə olan standartlarda əhəmiyyətli dəyişikliklərin edilməsi planlaşdırılır.

Belə ki, ARDNŞ yaxın zamanlarda bütün struktur bölmələrində tətbiq ediləcək yeni standartları qəbul etmək niyyətindədir.

R. Abdullayev bildirib ki, hazırda kadr çatışmazlığı əsas problemdir: "Gənc mütəxəssislərimizi ARDNŞ-nin uzunmüddətli inkişafına xidmət edə biləcək yola yönəltməliyik. İkinci məqsəd isə gənc mütəxəssislərimizin gələcəklərini özlərinin planlaşdırmasıdır. Son illər ərzində bu istiqamətdə az iş görülməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti