Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıya enerji sahəsi üzrə növbəti 5 il üçün tapşırıqlar qoyub. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, əsas və strateji vəzifə Azərbaycan qazının Avropaya ixracının təmin edilməsi çərçivəsində layihələrin həyata keçirilməsidir.
R.Abdullayev qeyd edib ki, bu, xüsusilə, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini, "Cənubi Qafqaz" qaz kəmərinin genişləndirilməsini, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisini əhatə edir.