...

BP Cənub Dəhlizi üzrə yeni vitse-prezident təyin edib

Energetika Materials 3 Aprel 2014 18:07 (UTC +04:00)
Bu gün BP şirkəti Co Mörfini Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunun Cənub Dəhlizi üzrə vitse-prezidenti vəzifəsinə təyin edib.
BP Cənub Dəhlizi üzrə yeni vitse-prezident təyin edib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.İsmayılov/

Bu gün BP şirkəti Co Mörfini Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunun Cənub Dəhlizi üzrə vitse-prezidenti vəzifəsinə təyin edib.

"BP Azərbaycan"dan Trend-ə verilən məlumata görə, bu yeni vəzifəsində C.Mörfi "Şahdəniz" üzrə qazın dəyər zəncirinin (QDZ) inteqrasiyasına və BP-nin bütün Cənub Dəhlizi məsələləri üzrə şirkətxarici işlərinə, o cümlədən "Şahdəniz" QDZ-nin Yunanıstan, Albaniya, İtaliya hökumətləri və Avropa Komissiyası ilə əlaqələrdə təmsil olunmasına cavabdeh olacaq. O, BP-nin Bakı ofisində işləyəcək və BP-nin AGT regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Bu təyinat AGT regionunun Cənub Dəhlizi üzrə hazırkı vitse-prezidenti Al Kukun BP Qrupu prezidentinin icra aparatının rəhbəri vəzifəsinə təyin olunmasından sonra verilib.

Hər iki təyinat may ayının əvvəllərində qüvvəyə minəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: "Mən dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən birinə ilk gündən rəhbərlik edərək göstərdiyi əhəmiyyətli səylərə görə Ala öz minnətdarlığımı bildirmək istəyirəm. O bu vəzifəni gərgin fəaliyyətlə dolu son beş il ərzində yerinə yetirib və bu fəaliyyətlər layihəni 2013-cü ilin dekabr ayında yekun investisiya qərarına gətirib çıxardı. O öz bacarıq və qətiyyəti ilə çoxsaylı maraqlı tərəfi və çoxistiqamətli xüsusiyyəti olan bu layihəni uğurla inteqrasiya edən və irəli aparan bir komandaya rəhbərlik etmişdir. Mən Ala yeni təyin olunduğu BP Qrupunun baş icraçı direktorunun icra aparatının rəhbəri vəzifəsində uğurlar arzulayıram. Bu yeni vəzifəsində o, birbaşa Bob Dadlinin rəhbərliyi altında işləyəcək. Həmçinin fürsətdən istifadə edərək Conun AGT regionuna təyinatından məmnunluğumu bildirmək istərdim. Co neft və qaz sənayesində geniş beynəlxalq təcrübəyə malikdir. Mən əminəm ki, onun bu təcrübəsi Cənub Dəhlizinin irəliləyişinin uğurla davam etməsi və "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin sonlarında bazarlara çatdırılması səylərinə dəyərli töhfə verəcək".

C.Mörfi öz yeni təyinatına hazırda işlədiyi əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə icraçı vitse-prezidentin icra aparatının rəhbəri vəzifəsindən keçəcək. O, BP şirkətinə 2000-ci ildə gəlib. Neft və qaz sənayesi sahəsində təcrübəli menecerdir və Meksika körfəzi, Vyetnam, Yaxın Şərq, Misir və Şimali Amerika regionlarında rəhbər vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti