Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov/
Norveçin "Statoil" şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi və ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10 faizinin satışı üzrə sövdələşmənin başa çatdığını açıqlayıb. Trend xəbər verir ki, bu barədə "Statoil" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Məlumata görə, sövdələşmənin dəyəri 1,45 milyrad dollar təşkil edir.
Azərbaycanda "Statoil"-in aktivlərinin bir hissəsinin satışı nəticəsində ARDNŞ və BP Norveç şirkətindən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz qaz kəməri layihələrində müvafiq olaraq 6,7 faiz və 3,3 faiz pay əldə ediblər.
Qeyd edək ki, "Şahdəniz" tərəfdaşları (satın alma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).