...

"Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzinin yeni inzibati binasının açılışı olub

Energetika Materials 2 İyun 2014 11:27 (UTC +04:00)
Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri "Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak ediblər.
"Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzinin yeni inzibati binasının açılışı olub

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri "Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak ediblər.

Trend-in məlumatına görə, tədbirdə bildirilib ki, ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində geokimyəvi, analitik, PVT və kern analizi laboratoriyaları, ikinci mərtəbəsində isə iş otaqları, yeməkxana, akt zalı, server otağı mövcuddur. Binanın ətrafında abadlıq işləri aparılıb, həyətdə Kern saxlama kompleksi tikilib. Qeyd olunub ki, 1996-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Norveçdə rəsmi səfərdə olan zaman Norveç hökuməti tərəfindən Laboratoriya kompleksi ona hədiyyə olunub, kompleksin Azərbaycana gətirilməsi və quraşdırılması "Statoil" şirkəti tərəfındən həyata keçirilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu kompleks hazırda genişləndirilərək əhatə miqyası etibarilə regionun ən böyük tədqiqat mərkəzlərlndən birinə çevrilib.

Müəssisənin fəaliyyət sahəsinə axtarış-kəşfiyyat və istismar quyularından götürülmüş nümunələr üzərində geniş tədqiqat işləri aparmaq, litostratiqrafik və biostratiqrafik kəsilişi tərtib etmək, geokimyəvi tədqiqatlar və PvT eksperimentlər aparmaq və s. daxildir. Quyulardan nümunələrin götürülməsi, stasionar avadanlıqlarla quyularda tədqiqat işlərinin və ekspres analizlərin aparılması yüksəkixtisaslı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Götürülmüş nümunələr bütün lazımi avadanlıqlarla təchiz olunmuş beynəlxalq standardlara uyğun Kern saxlanma kompleksində saxlanılır.

"Azlab" ölkə ərazisində fəaliyyət göstərən digər xarici və yerli şirkətlərin axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatını həyata keçirməklə yanaşı, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi region ölkələrinin bir çox şirkətləri ilə də sıx əməkdaşlıq edir. 2005-ci ildən bu müəssisə Dübəndi terminalında "Günəşli" və "Neft Daşları" yataqlarından hasil edılən neftin, 2013-cü ildən isə ARDNŞ-nin ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlar səviyyəsində nəzarəti həyata keçirir. "Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzi işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə böyük önəm verir və bu sahədə beynəlxalq sertifikatlara malikdir.

ARDNŞ-nin prezidenti yeni inzibati binada yaradılmış şəraitlə tanış olub, görülmüş işlərdən razı qaldığını söyləyib. O, yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti