Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanın "qara qızıl"ın hasilatı və emalı prosesinin beşiyi sayılması heç də təsadüfi deyil. İlk vaxtlan müalicə məqsədi ilə istifadə olunan Bakı nefti X əsrdə Abşeron yarımadasında kiçik dərinliklərdə quyular qazılaraq çıxarılırdı.
1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılmasının əsasını qoydu. 1899-cu ildə isə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxaraq dünya neft hasilatının yarısını verdi.
Azərbaycanın neft tarixinin çox böyük bir dövrü-1960-cı illərin sonundan başlanan və günümüzə qədər davam edən, iqtisadi inkişaf, rifah və dirçəlişlə zəngin olan dövrü Azərbaycan xalqının dahi oğlu və siyasətçisi, qüdrətli dövlət xadimi, ulu öndər, tarixin parlaq simalarından və nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə ikinci dəfə qayıtmış Heydər Əliyevin təşkilatçılıq, siyasi uzaqgörənlik, iti zəka və işgüzarlıq kimi nadir liderlərə xas xüsusiyyətləri sayəsində Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.
Müstəqilliyini yenicə elan etmiş Azərbaycan dərin böhranla üz-üzə qalmışdı. Belə ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını yenidən dilə gətirərək Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi. Cənubi Qafqaz regionu böyük güclərin döyüş meydanına çevrildi.
Amma Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ilk olaraq atəşkəs əldə olundu, bu isə daxili situasiyanın nəzarətə götürülməsinə şərait yaratdı. Məhz bunun ardından Azərbaycan öz böyük sərvəti olan neftinin gələcəyi ilə bağlı qərar verdi. Həmin dövrdəki ictimai-siyasi vəziyyəti analiz edərkən dünyanın ən nəhəng neft şirkətlərini Azərbaycana cəlb etməyin nə dərəcədə çətin olması açıq-aydın görünür. Çünki o dövrdə qeyri-sabit, investisiya fəaliyyəti üçün əlverişsiz hesab olunan Azərbaycanda heç bir xarici şirkət risk edərək layihə həyata keçirmək istəmirdi, xüsusilə də ən cəlbedici sahə olan enerji sektoruna. Yatıracaqları investisiyaların təhlükəsizliyinə təminat verilməli idi. Bunu Heydər Əliyev bacardı. O, xarici neft şirkətlərinin bu cür neqativ düşüncələrini aradan qaldırmağa, Azərbaycanda əlverişli investisiya mühitini yaratmağa nail oldu və yatırılan investisiyaların təhlükəsizliyinə təminat verdi.
Siyasi stabillik və iqtisadi inkişafa nail olan Heydər Əliyev balanslı və çoxşaxəli xarici siyasət yürütməklə yanaşı, bu siyasətin prioritet istiqamətlərindən biri kimi yeni neft diplomatiyasını müəyyən etdi.
Azərbaycanın enerji diplomatiyasının banisi Heydər Əliyevin ötən əsrin 90-cı illərində verdiyi ən mühüm qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyətə malik olmaqla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühür rol oynamasının əsasını qoydu. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkəti ilə (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. "Əsrin müqaviləsi" adını almış bu müqavilənin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu.
Cənab Heydər Əliyev Azərbaycan üçün həyati vacib əhəmiyyətə malik olan "Əsrin müqaviləsi" haqqında danışarkən deyib: "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq".
Əsrin müqaviləsinin imzalanması ilə yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlandı. Bu müqavilə daha sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə 26 yeni sazişin imzalanmasına yol açdı.
Bağlanmış sazişlər nəticəsində Azərbaycanın neft sənayesində böyük islahatlar aparıldı, güclü infrastruktur yaradıldı, neft sənayesinə müasir texnologiyalar və idarəetmə təcrübəsi gətirildi. Belə ki, "Bakı" elmi-tədqiqat gəmisi modernləşdirilib dünyada ən mükəmməl geofiziki tədqiqat gəmilərindən birinə çevrildi; "Xəzərdənizneft" yarımdalma qazma qurğusu yenidən quruldu və "Dədə Qorqud" adı ilə ikinci həyata başladı; "Şelf-5" qazma qurğusu əsaslı şəkildə yenidən quruldu, müasir avadanlıqla təchiz olunaraq dünyada ən böyük üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında "İstiqlal" adı ilə istifadəyə verildi; dənizin daha dərin qatlarında neft quyuları qazmağa imkan verən ən müasir çoxfunksiyalı özüqalxan "Qurtuluş" və Heydər Əliyev adına yarımdalma "Lider" adlı qazma qurğuları yaradıldı; 2002-ci ilin yayında Xəzərdə ən yeni texnologiyalar əsasında ilk dəfə qazma qurğuları üçün sualtı dayaq tavası quraşdırıldı; "Tofiq İsmayılov" dalğıcı, "Azərbaycan", "İsrafil Hüseynov" kran gəmiləri təmir edilib yeni avadanlıqlarla təchiz olundu; dənizdə "Çıraq-1" platforması beynəlxalq standartlara uyğun olaraq yenidən quruldu; Heydər Əliyev adına Dərin özüllər zavodu yeniləşdirilərək dəniz platformalarının tikintisinə cəlb olundu; dünyanın ən iri neft terminalından olan Səngəçal terminalı tikildi; Azəri-Çıraq-Günəşli yataqlarında beynəlxalq standartlara cavab verən dəniz özülləri quraşdırıldı.
"Əsrin müqaviləsi" imzalandıqdan sonra Qərb dünyasının aparıcı dövlətləri Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa daha böyük maraq göstərməyə başladı, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq yeni müstəviyə keçdi, Azərbaycan Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirən bir dövlətə, dünyanın enerji mərkəzlərindən birinə çevrildi.
"Əsrin müqaviləsi"nin əsas əhəmiyyətlərindən biri də onun qlobal miqyaslı başqa layihələrə təkan verməsi oldu. Azərbaycanda hasil olunan neft və təbii qazın dünya bazarlarına sərbəst çıxışını təmin edən ixrac boru kəmərləri sisteminin diversifikasiyası təmin edildi.
"Əsrin müqaviləsi" çərçivəsində ilkin neft Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunsa da, tezliklə neft hasilatının 50 milyon tondan daha artıq səviyyəyə çıxarılması planlaşdırıldığı üçün alternativ neft kəməri layihələrinə ehtiyac yarandı. Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyasını irəli sürdü, Bakı-Supsa kəməri işə salındı, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi üzrə danışıqlar intensivləşdirildi.
1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində bu layihənin icrası reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisə başlanıldı.
Müəllifi və banisi ulu öndər Heydər Əliyev, uğurlu davamçısı isə cənab Prezident İlham Əliyev olan Azərbaycanın yeni neft diplomatiyasının analizi bir daha göstərir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi enerji sahəsində də regionun həlledici aktorudur. Yeni neft strategiyası Azərbaycanın dövlət müstəqilliyinin mühüm təminatçısı oldu, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etdi.
Artıq XX əsrin ən möhtəşəm və qlobal enerji layihələrindən biri olan "Əsrin müqaviləsi"nin imzalanmasından 20 il keçir. Sözügedən müqavilə çərçivəsində qazanılmış nailiyyətlər göz önündədir. Belə ki, ölkənin neft və qaz hasilatı sahəsində böyük yüksəlişə nail olunub, axtarış-kəşfiyyat işlərinin yerinə yetirilməsi nəticəsində Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard tona bərabər olması müəyyən edilib. Ölkənin ehtimal olunan hidrokarbon ehtiyatları isə bu rəqəmləri xeyli üstələyir: 6 trilyon kubmetr qaz və 4 milyard ton neft. Bu gün enerji ixracatşısına çevrilmiş güclü Azərbaycanın hasil olunan hidrokarbon ehtiyatları 7 kəmər vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır.
Ölkənin neft və qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dolları civarında investisiya yatırılıb, Azərbaycan idxalçı ölkədən təbii qaz ixracatçısına çevrilib.
Neftdən gələn gəlirlər hesabına bu gün ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, indiki və gələcək nəsillərin firavan və rifah dolu həyatının təmin olunması üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafa impuls verən bir sıra məqsədyönlü dövlət proqramları məhz Dövlət Neft Fonduna toplanmış vəsaitlərin hesabına həyata keçirilir. Əsas prioritet kimi neftdən gələn gəlirlər hesabına ölkə iqtisadiyyatının diversifikasiyasını qarşıya məqsəd qoyan müstəqil Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələr qazanır.
Bu gün Azərbaycanın neft strategiyası daha da genişlənir. Əgər ilk vaxtlar ölkəmizin enerji siyasəti əsasən regional səviyyədə əməkdaşlıq çərçivəsində həyata keçirilirdisə, bu gün bu dar çərçivədən çıxan Azərbaycan dünya ölkələri ilə daha geniş miqyasda əməkdaşlıq etmək siyasi xəttini yeridir.
Bu gün tam əminliklə demək olar ki, ölkəmizin zəngin və daşınma imkanları geniş olan karbohidrogen ehtiyatları Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır. Regionda və dünyada baş verən hadisələrlə, xüsusən də Ukraynada gedən proseslərlə əlaqədar olaraq Qərbdə yaranmış enerji qıtlığı isə bu tendensiyanı daha da gücləndirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Əsrin müqaviləsi" imzalanmasaydı, təbii ki, Bakı -Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, "Bakı-Tbilisi- Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz "Şahdəniz" yatağından qaz hasilatına nail ola bilməzdik. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi -nəzərdən yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir. Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu əsas məqsəddir."
Bu gün beynəlxalq maliyyə təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə MDB məkanında birincidir. Dünya İqtisadi Forumunun dərc etdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir ki, Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub.
Bu gün ölkəmizin valyuta ehtiyatları 54 milyard dollar təşkil edir. Aparılan islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektorunda artım 7 faiz səviyyəsindədir. Əgər Azərbaycan vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydi, bu gün qeyri-neft sektoru bu qədər arta bilməzdi. Azərbaycanda inflyasiya səviyyəsi cəmi 1,6 faiz təşkil edir, əhalinin pul gəlirləri 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyir. Orta əməkhaqqı da artırılaraq 440 manat və ya 560 dollar təşkil edir.
Azərbaycan qeyd olunan parlaq göstəricilərə aparılmış uğurlu islahatlar nəticəsində nail olub. Məhz zəngin neft və təbii qaz yataqlarının səmərəli şəkildə istifadə edilməsi strategiyası bütün bunlara nail olmağa imkan verir.
Aynur Cəfərova
Azernews
Yazı "Azərbaycan Mətbuat Şurası və "SOCAR-AQŞ"nin "Əsrin müqaviləsi - Ölkəmizin davamlı sənaye inkişafının təməli" mövzusundakı müsabiqəsinə təqdim olunur.