Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Emil İsmayılov/
Bu ayın sonuna kimi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Yunanıstanın qaz operatoru DESFA-nın payını alması çərçivəsində sazişin bağlanması gözlənilir. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görgə, hazırda saziş Aİ-nin müvafiq strukturları tərəfindən təsdiqlənməsi prosedurundan keçir: "Proses gedir və bu ayın sonunda başa çatacaq".
Ötən ilin sonunda ARDNŞ Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund - HRADF) və "Petroleum" şirkəti ilə DESFA şirkətinin (Yunanıstanın Milli qazpaylayıcı şəbəkəsinin operatoru) səhmlərinin 66 faizinin alınmasına dair saziş imzalayıb.
Bundan əvvəl HRADF-nin elan etdiyi beynəlxalq tenderin yekunlarına görə, tərəflər səhmlərin alqı-satqısı və səhmdarlar haqqında sazişlər imzalayıblar.
İmzalanmış sənədlər onların Avropa komissiyasının energetika və antiinhisar siyasəti məsələləri üzrə baş müdiriyyətləri tərəfindən imzalanmasından sonra qüvvəyə minəcək.