Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi regionda sülhün bərqərar olmasına yardım edəcək. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Haberlersaglik" qəzeti Baş nazir Əhməd Davudoğlunun sözlərinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, TANAP bir növ enerji Böyük İpək Yoludur: "Azərbaycan və Türkiyə bu qaz kəmərinin tikintisi ilə bağlı arzunu reallığa çevirməyi bacardılar".
Fevralın 2-də Trans-Anadolu qaz kəmərinin tikintisi layihəsi üçün texniki dəhlizin yaradılması başa çatıb.
Texniki dəhliz boru kəmərinin çəkiləcəyi ərazi sahəsidir.
TANAP üçün texniki dəhlizin yaradılması martın 15-də başa çatmalı olsa da, bu sahədə işlər sürətləndirildiyindən o, vaxtından əvvəl, yəni fevralın 2-də başa çatıb.