Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Emil İsmayılov/
2014-cü ildə Britaniyanın BP şirkəti və onun tərəfdaşları Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 31,5 milyon ton neft (233 milyon barel) neft hasil ediblər. 2013-cü ildə bu rəqəm 32,2 milyon ton neft (239 milyon barel) olub. Trend xəbər verir ki, bu barədə 2014-cü ildə BP şirkətinin biznes əməliyyatları hesabatında deyilir.
Hesabat dövründə AÇG blokunda orta sutkalıq neft hasilatı 638 min barel təşkil edib.
Hesabatda deyilir ki, ötən il yeni "Qərbi Çıraq" platformasında 6 quyudan orta sutkalıq neft hasilatı 90 min bareli ötüb.
"Qərbi Çıraq" platforması 2014-cü il yanvarın 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. "Qərbi Çıraq"dan hasilat 2014-cü il ərzində digər öncə qazma quyuları işə düşdükcə artacaq.
2013-cü ildə AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil olunub. Bu rəqəm 2012-ci ildə 32,9 milyon ton təşkil edib.
2014-cü ildə layihə çərçivəsində əməliyyat xərclərinin həcmi 1 milyard dollar, kapital xərcləri isə 2,3 milyard dollar olub.
Proqnozlara əsasən, 2014-cü ildə layihə çərçivəsində kapital xərclər təqribən 2,07 milyard dollar, əməliyyat xərcləri isə 1,05 milyard dollar təşkil edəcək.
"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatı təqribən 1 milyard tondur. AÇG-də iştirak payları: BP (operator - 35,78%), Şevron (11,27%), İNPEKS (10,96%), AzAÇG (11,65 %), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).