...

İranın qaz ixracı planları: perspektivlər və rəqiblər

Energetika Materials 2 Noyabr 2015 09:36 (UTC +04:00)
Trend-in İran xəbərlər xidmətinin rəhbəri, İranın enerji məsələləri üzrə ekspert Dalğa Xatınoğlu ilə "Natural Gas Europe" portalının baş redaktorunun strateji enerji məsələləri üzrə müavini, Atlantik Şurasının üzvü, "Financial Times" qəzetinin sabiq baş redaktoru, enerji təhlükəsizliyi üzrə ekspert Con Robertsin İranın Dövlət Agentliyi IRNA üçün yazdığı məqaləni təqdim edirik.
İranın qaz ixracı planları: perspektivlər və rəqiblər

Trend-in İran xəbərlər xidmətinin rəhbəri, İranın enerji məsələləri üzrə ekspert Dalğa Xatınoğlu ilə "Natural Gas Europe" portalının baş redaktorunun strateji enerji məsələləri üzrə müavini, Atlantik Şurasının üzvü, "Financial Times" qəzetinin sabiq baş redaktoru, enerji təhlükəsizliyi üzrə ekspert Con Robertsin İranın Dövlət Agentliyi IRNA üçün yazdığı məqaləni təqdim edirik.

İranın yüksək daxili tələbatı və yaxın gələcəkdə qaz ixracı üçün artan perspektivləri fonunda İslam Respublikası dünyanın ən çox qaz istehsal edən ölkələrinin sammitinə ev sahibliyi etməyə hazırlaşır.

Noyabrın 23-də Qaz İxrac edən Ölkələrin Forumunun (GECF) iclası Rusiya, Qətər, Əlcəzair, eləcə də İran kimi iri istehsalçıları bir araya gətirəcək. GECF-nin 12 üzv ölkəsi dünyada mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 64 faizi, boru kəməri ilə qaz nəqlinin 42 faizi və dünya qaz ehtiyatlarının 67 faizinə sahibdir.

Dünyanın bir nömrəli qaz istehsalçısı - İran (təsdiq olunan qaz ehtiyatları 34 trilyon kubmetrə bərabərdir) ümid edir ki, sanksiyaların aradan qaldırılması ilə 2016-cı ilin birinci yarısında həm də mühüm qaz ixracatçısına çevriləcək.

İxrac ümidləri və qabilliyəti

İran Milli Qaz Şirkətinin icraçı direktoru Həmid Rza Araqi deyib ki, İran yaxın dörd ildə sutkada 200 milyon kubmetr qaz ixrac etmək gücünə sahib olacaq. Bu rəqəm ildə 73 milyard kubmetrə (Rusiyanın 2014-cü ildə Avropaya nəql etdiyi 147,7 milyard kubmetrin yarısı) bərabərdir.

Əlbəttə ki, İran bu məqsədə çatmaq üçün lazımi resurslara malikdir. Pars Neft və Qaz Şirkəti tərəfindən istismar olunan və 14 trilyon kubmetr ehtiyata malik "Cənubi Pars" qaz yatağından başqa, İranın onlarla istifadə edilən və yaxud istifadəsi gözlənilən qaz yatağı var.

25 aktiv qaz və neft yatağına malik, ilə 93 milyard kubmetr qaz istehsal edən İran Mərkəzi Neft Yataqları Şirkəti isə yeni 30 qaz və 11 neft yatağının istismarını planlaşdırır. Hazırda şirkət yaxın bir neçə il ərzində sutkada 40 milyon kubmetr (ildə 14,6 milyard kubmetr) qaz əldə etmək üçün "Cənubi Qişo", "Xartanq", "Halqan", "Sepid Bağun", "Zire" və "Qordan" yataqlarına maraq göstərir.

İranda istehsal olunan qazın 16 faizi Milli Cənub Neft Şirkətinin payına düşür. Bundan başqa, sutkalıq hasilat gücü 6,2 milyon kubmetr olan şirkətin qaz istehsalının artırılması ilə bağlı planları da var. İranın Dəniz Neft Şirkəti isə sutkada 10,6 milyon kubmetr qaz istehsal etməyi planlaşdırır.

Ümumilikdə, İranda qaz istehsalının (məşəllərdə yanan və neft quyularına vurulan qazla birlikdə) 2020-ci ilə qədər sutkada 1 milyard - 1 milyard 100 milyon kubmetrə (ildə 365-400 milyard kubmetr) çatacağı gözlənilir. Hazırda İran sutkada 680 milyon kubmetr (ildə təxminən 248 milyard kubmetr) xam qaz və 550 milyon kubmetr məişət qazı istehsal edir. İranda istehsal edilən məişət qazının 300 milyon kubmetri (sutkada) "Cənubi Pars"da hasil olunur və bu rəqəmin 2020-ci ilə qədər iki dəfə artacağı gözlənilir.

İranın qaz ixracı ilə bağlı ümidləri

İran qazı hara ixrac edəcək? Hazırda İran Türkiyəyə ildə 8,9 milyard kubmetr qaz ixrac edir və imzalanmış müqavilələr çərçivəsində 2020-ci ilə qədər İraq, Pakistan və Omana da İran qazı tədarük olunacaq. Ümumilikdə, İranın sutkada 80 milyon kubmetr (ildə 30 milyard kubmetr) qaz ixrac etmək üçün hazır müqavilələri var. İraqla sutkada 25 milyon kubmetr (ildə 9,125 milyard kubmetr) qaz ixracı haqqında bağlanmış müqavilədən əlavə, İraqın Bəsrə şəhərinə daha 35 milyon kubmetr (ildə 12,8 milyard kubmetr) qaz tədarükü ilə bağlı danışıqlar gedir. İran, həmçinin Omana ildə 10, Pakistana isə 8 milyard kubmetr qaz ixracı haqqında müqavilələrə sahibdir. Daha bir körfəz qonşusu - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də potensial alıcı kimi nəzərdə tutulur.

Oman və BƏƏ-nin qaz istehsalçısı və GECF üzvləri olmasına baxmayaraq, bu ölkələr yenə də qaz idxal edirlər. İraq da çox əhəmiyyətli qaz ehtiyatlarına malikdir, həmçinin GECF-nin müşahidəçi üzvüdur. Geniş perspektivdə GECF üzvləri arasında əməkdaşlıq bazaları rəqabət motivlərindən daha güclü və böyükdür.

İran LNG ixracına baxır

İran müəyyən mənada Qətərə rəqib olacaq. 2014-cü ildə dünya bazarlarına 103,4 milyard kubmetr qaz tədarük edən Qətər hazırda dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Lakin İran da LNG ixracatçısı olmağı planlaşdırır. İran Avropa İttifaqı bazarlarına çıxmaq üçün boru kəmərlərindən daha çox LNG-yə üstünlük verir. Hazırda İranda illik gücü 10,5 milyon ton LNG istehsalı olan layihə var ki, buna 2,5 milyard dollar sərmayə yatırılıb və 50 faiz inkişaf etdirilib. "İran LNG" layihəsinin 3 ilə kimi istismara veriləcəyi gözlənilir.

Hər halda, bunu da qeyd etmək lazimdir ki, İran LNG ilə dolu bir bazara ayaq basacaq. Bir neçə GECF üzvü artıq əhəmiyyətli dərəcədə LNG istehsal edir. Bu ölkələr arasında GECF-nin müşahidəçi üzvü olan Omanla birlikdə Qətər, Əlcəzair, Rusiya və Trinidad və Tobaqo var. 2019-cu ilə qədər Avstraliyanın bir sıra əhəmiyyətli LNG layihələrinin gəlməsi səbəbindən LNG bazarında bolluq gözlənilir.

İranın Avropaya doğru gedəcək mümkün boru kəmərlərinə marağı yoxdur. Tehran düşünür ki, "Cənubi Pars"dan Türkiyə sərhədinə qədər gedəcək 1850 km uzunluğunda ölkədaxili magistral boru kəmərinin inşasının 6 milyard dollar xərci var və 17 kompressor lazımdır, sutkada 110 milyon kubmetr qaz nəqlinin illik xərci isə bir milyard dollardan çoxdur. Digər tərəfdən, bu ölkədaxili magistral kəməri Avropaya birləşdirəcək boru kəməri yalnız TANAP layihəsidir. Azərbaycan TANAP-la ilkin olaraq ildə 16 milyard kubmetr qaz ötürmək niyyətindədir. Bundan sonra kəmərin yalnız 14 milyard kubmetr həcmində boş yeri qalır. Bu kəmər isə Azərbaycandan ildə 10 milyard kubmetr qaz gözləyən TAP kəmərinə qoşulmalıdır. Belə olan halda burada yalnız 10 milyard kubmetr İran qazı üçün boş yer var. Üstəlik, Tehran bu kəmərlərdən qaz nəqli üçün tranzit haqqı da verməlidir.

Türkiyənin şərqindən qərbinə yeni bir qaz kəmərinin inşası ehtimalı da azdır və buna yüksək vəsait lazımdır.

Şərqdən baxış - Rusiya tərəfdən rəqabət yoxdur

Avropa İttifaqına LNG ixracı ilə məşğul olmayan Rusiyanı İranın LNG ixracı ilə bağlı planları çox da narahat etmir. İran Rusiyanın maraq dairəsində olan Asiya-Sakit Okean bazarına da rəqib deyil. Rusiya Çin və Pakistanın şimalına istiqamətlənibsə, İran gözünü Hindistana və Pakistanın cənub və mərkəzi bölgələrinə dikib.

Bu kontekstdə qeyd etmək lazımdır ki, İran-Pakistan boru kəməri (daha çox "Sülh kəməri" kimi tanınır) ilə Hindistan və Çinin Pakistanla sərhəd bölgələrinə qaz nəql edilə bilər. Nəzərə alaq ki, Rusiyanın bu istiqamətlərə qaz ixrac etmək planı yoxdur.

Hindistan Prezidenti Pranab Mukherci sentyabrın 30-da bəyan edib: "Biz bu yaxınlarda İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşma sayəsində yaranan yeni imkanlardan maksimum istifadə etməliyik. İran-Pakistan-Hindistan kəməri də bərpa oluna bilər, çünki İran kəmərin öz ərazisinə düşən hissəsinin inşasını artıq başa çatdırıb".

Çin hazırda dəyəri 2,5 milyard dollar olan layihəni reallaşdırmaq niyyətindədir. Bu layihə ilə Pakistanın Qvadar limanında LNG idxal terminalları (İran sərhədindən 80 km uzaqda) quraşdırmaq və həmin yerdən Nəvvabşaha (Pakistan) qədər 700 km uzunluğunda boru kəməri tikmək nəzərdə tutulur. Bu kəmər İran qazını Pakistanın mərkəzinə kimi apara bilər və yeni bir layihə ilə həmin kəmər Nəvvabşahdan Çinin şərqinə və Hindistana qoşula bilər.

Xarici invesitsiya və məşəllərdə qaz yandırılması

İran nəzərdə tutduğu ixracat həcmini gerçəkləşdirmək üçün yalnız istehsalın artımına göz dikməməlidir. İran 185 milyard dollar invesitisiya cəlb etmək məqsədilə 45 neft və qaz yatağını xarici şirkətlərə təqdim etməyə hazırlaşır.

Bu yataqlarda təbii və səmt qazı hasilatı İranın emal edilməmiş qaz hasilatını sutkada daha 190 milyon kubmetr (ildə 70 milyard kubmetr) artıra bilər. Bundan əlavə, İran 2020-ci ilə qədər indi məşəllərdə yandırılan sutkada 19,827 milyon kubmetr (ildə 7,2 milyard kubmetr) qazı toplamaq niyyətindədir. Hazırda İranın "Yadavaran" (sutkada 1,84 milyon kubmetr), "Salman" (2,64 milyon kubmetr), "Forouzan" (5,6 milyon kubmetr) və "Azadegan" (0,68 milyon kubmetr) kimi qaz yataqları böyük həcmdə səmt qazı yandırırlar.

Daxili qaz istehlakı

20 ildən çoxdur ki, ölkədə qaz istehlakı həcmi istehsal həcmi ilə eyni göstəriciyə malikdir və ixrac üçün imkanlar məhduddur. Beləliklə, İran öz istehlak sahələrini optimallaşdırana qədər cari qaz ixracını həyata keçirmək qabiliyyəti sual altında qalacaq. BP-nin 2014-cü ilə olan statistik icmalında İranın 172,6 milyard kubmetr qaz istehsal etdiyi, istehlakın isə 170.2 milyard kubmetr təşkil etdiyi göstərilib. Lakin İran rəsmilərinin sözlərinə görə, 2014-cü ilin istehsal və istehlak rəqəmləri BP-nin təqdim etdiyi statistik göstəricidən 20-25 milyard kubmetr çoxdur.

Təbii qaz İranda artıq enerji istehlakının 67 faizini təşkil edir.

Ölkədə 73 min sənaye obyekti və 19 milyona yaxın mənzil ildə 125 milyard kubmetr qazla təmin edilir. Lakin yaxın bir neçə ildə daha 19 min sənaye obyekti və 3 milyon evin qazla təmin olunması gözlənilir.

Həmçinin İran maye yanacaqların elektrik stansiyalarında istifadəsini dayandırmaq üçün bu sahəyə ildə əlavə olaraq 20-25 milyard kubmetr qaz təhvil verməlidir. Bundan başqa, ölkə neft-kimya müəssisələrinin hasilatını növbəti 5 ildə iki dəfə artırmağı planlaşdırır. Beləliklə, neft-kimya məhsullarının hasilatını 120 milyon tona çatdırmaq üçün ildə əlavə 25 milyard kubmetr təbii qaz lazım olacaq. Eyni zamanda neft quyularına vurulan qazın həcmi iki dəfə artırılmalı və ildə 70 milyard kubmetrə çatdırılmalıdır.

İran Milli Neftayırma və Neft Emalı Şirkətinin illik hesabatına görə İranın sutkada

istifadə etdiyi faydalı qazıntıların həcmi:

Qaz istehlakı

2014-cü il (milyard kubmetr

2013-cü il (milyard kubmetr)

Mənzillər, ticarət obyektləri və kiçik sənaye sektoru

91

88.9

Böyük sənaye sektoru

32.45

29.8

Elektrik stansiyaları

50.5

36.8

İxracat

10

9.7

Qaz itkisi

9

9

Neft quyularına vurulan qaz

33.9

32.9

Məşəllərdə yandırılan qaz

11.7

11.7

Ümumi

238.55

218.8

İdxalat

7.5

3.5

H.R.Araqi bildirib ki, daxili istehlakı sutkada 50 milyon kubmetr (ildə 18,2 milyard kubmetr) azaltmaq üçün İran öz istehlak sahələrini optimallaşdırır.

İran istehlak sektorlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilsə, növbəti illərdə vacib qaz ixracatçısına çevrilə və bəlkə də ildə 200 milyon kubmetr qaz ixrac edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti