...

Daha 4 kənd oduna əlvida dedi

Energetika Materials 23 Noyabr 2015 17:37 (UTC +04:00)
Kürdəmir və Astara rayonlarının daha 4 kəndinə təbii qaz verilib.
Daha 4 kənd oduna əlvida dedi

Bakı. Trend:

Noyabrın 21-23-də Kürdəmir və Astara rayonlarının daha dörd kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kürdəmir rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 349 abonenti olan Ərşəli, Xəlsə və Axtaçı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında təxminən 27,5 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Noyabrın 23-də Astara rayonunun Tüləküvan kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş tədbirdə vurğulanıb ki, 403 abonentlik kəndin qazlaşdırılması zamanı ümumi uzunluğu 41 681 metr olan müxtəlif polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti