Bakı. Trend:
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub.
SOCAR-dan Trend-ə verilən məlumata görə, R.Abdullayev və şirkət rəhbərliyinin digər nümayəndələri şirkətin buradakı bir sıra obyektlərinə baş çəkiblər.
R.Abdullayev əvvəlcə Sumqayıt Kimya Sənaye parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində tikilən polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında aparılan tikinti işlərinin gedişatı ilə tanış olub. Bildirilib ki, “SOCAR-Polymer” layihəsi çərçivəsində 2018-ci ildə istismara verilməsi planlaşdırılan polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında tikinti işləri 1 sentyabr tarixinə olan məlumata görə, müvafiq olaraq 91% və 71% tamamlanıb.
Sonra SOCAR rəhbərliyi “Azərikimya” İB-nin “Etilen-polietilen” zavoduna gələrək Polimer İstehsalatında inzibati və məişət binasının açılışında iştirak edib. BMT-nin İnkişaf Proqramının resident nümayəndəsi Ghulam İsaczai, NAMA layihəsinin meneceri Nazim Məmmədov və digər məsul şəxslərin də da iştirak etdiyi açılış mərasimində Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev məlumat verərək bildirib ki, 2016-cı ildən etibarən Polietilen istehsalatının inzibati binasının yeni layihə əsasında əsaslı təmirinə başlanılıb. Binanın təmiri, isitmə sisteminin quraşdırılması SOCAR və BMT-nin Bakı ofisinin birgə layihəsi əsasında həyata keçirilib. Fasadın üzlənməsi zamanı enerji resusrlarına qənaət olunması məqsədilə xüsusi izolyasiya materiallarından istifadə olunub. Binanın daxili işıqlanmasının təmin olunması üçün gücü 10 Kvt/saat olan günəş panelləri quraşdırılıb. İnzibati binanın istifadəyə verilməsi ilə ümumilikdə 457 nəfər işçinin iş və məişət şəraiti müasir tələblərə cavab verəcək şəkildə yaxşılaşdırılıb.
SOCAR prezidenti sonra Etilen-polietilen zavodunun Mexaniki emal sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak edib. Məlumat verilib ki, qurğu və avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəldiyi, əməkçilərin iş və məişət şəraitinin qənaətbəxş olmaması nəzərə alınaraq Mexaniki emal sahəsində ötən ilin sonlarından başlayaraq əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Aparılan təmir işlərinin həcmi 3700 m2-dən artıq olmuşdur. Bütün mövcud avadanlıqlar yenilənmiş, sıradan çıxanlar yeniləri ilə əvəz edilmiş, sahənin 67500 m2 ərazisində abadlıq işləri aparılıb.
R.Abdullayev həmçinin Sənaye və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğunun açılışında da iştirak edib. Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev məlumat verərək bildirmişdir ki, ötən ilin noyabr ayında qurğunun tikinti işlərinə start verilib. Ümumi sahəsi 2 ha ərazini əhatə edən qurğuda “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı suları ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkında bir neçə istehsalçının fəaliyyəti zamanı formalaşacaq tullantı sularının da təmizlənməsi həyata keçiriləcək.
Daha sonra R.Abdullayev Etilen-polietilen zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, zavodda avqustun 10-dan başlanılan əsaslı təmir işləri 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində uğurla yekunlaşıb. Həmçinin bildirilib ki, Etilen-polietilen zavodunda icrasına start verilib və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğular və yardımçı sahələrinin inşası işləri davam etdirilir.
Sonda R.Abdullayev “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansın¬da olan Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, “Kimyaçı” Mədəniyyət Sarayı üç mərtəbədən ibarətdir, 6400 m2-lik sahəyə malik birinci mərtəbdə 800 nəfərlik konsert zalı, inzibati və texniki otaqlar, digər mərtəbələrdə 270 m2-lik rəqs zalı, həmçinin müxtəlif dərnəklərin, tədris və kursların yerləşdiyi otaqlar əsaslı təmir olunmuş, ərazidə geniş abadlıq və quruculuq işləri aparılıb.