Bakı. Trend:
"Uniper SE" və SOCAR Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaqlar.
SOCAR-dan Trend-ə verilən məlumata görə, hər iki şirkət bu gün Bakıda müvafiq razılaşmanı imzaladılar. Alman enerji təchizatçısı və Azərbaycanın dövlət neft şirkəti artıq 5 ildir ki, sıx əməkdaşlıq edirlər.
Yeni razılaşmanın məqsədi, ilk növbədə Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır. İlkin araşdırmalar göstərmişdir ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür.
SOCAR və "Uniper" şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlamışlar. 2045-ci ilədək hər il 1,5 milyard m³ təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.
Sənaye səmərəliliyi sahəsində SOCAR və "Uniper" şirkətləri 2015-ci ildə birgə müəssisə yaratmışlar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Azərikimya kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini Hermes eksport kredit zəmanəti ilə dəstəkləmişdir. Təqribən 30 milyon avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.
"Uniper" və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər
"Uniper" şirkətinin İdarə Heyətinin üzvü Kristofer Delbrük demişdir: "Yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır. Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcəkdir. "Uniper" və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir".
SOCAR-ın prezidenti Rövnəq Abdullayev: "Almaniyanın aparıcı şirkətlərindən biri olan Uniper ilə həyata keçirdiyimiz strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaratmışdır. Enerji səmərəliliyinin artırılması ətraf mühitimizin qorunması ilə yanaşı həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin Cənub Qaz Dəhlizi layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir".
Uniper beynəlxalq səviyyədə fəaliyyət göstərən və dünya üzrə 12.000 işçisi olan enerji şirkətidir. Şirkət Avropa və Rusiyada əsasən qaz, kömür və su elektrik stansiyalarından ibarət olan təxminən 36 qiqavatt elektrik enerjisi istehsal edir. Öz tarazlaşdırılmış əməliyyat portfeli, texniki və kommersiya təcrübəsinə əsaslanan "Uniper" yüksək keyfiyyətli məhsullar və rəqabət qabiliyyətli xidmətlər təklif edir. "Uniper" ticarət sahəsindəki fəaliyyəti ilə qlobal enerji bazarları arasında əlaqələr yaradır. Bu fəaliyyət elektrik enerji, təbii qaz, maye qaz (LNG), kömür və emissiya sertifikatlarının ticarəti ilə enerji daşiyiciları bazarının bütün spektrini əhatə edir. Bundan əlavə, şirkət enerji istehsal edən qurğuların idarə olunması və servisi sahəsindəki təcrübəsi və dünya üzrə enerji daşıyıcılarının ticarət həcmi sayəsində geniş xidmət paketləri təklif edə bilir. "Uniper" elektrik stansiyalarının layihələndirilməsi, işə salınması və idarə olunması ilə yanaşı, onların enerji daşıyıcıları ilə təchizatını da həyata keçirir.
SOCAR aparıcı beynəlxalq enerji şirkətlərindən biridir. Azərbaycan xalqının iqtisadi maraqlarını təmin etmək məqsədi ilə SOCAR ölkə daxilində və xaricdə bir sıra nəhəng transmilli layihələrin iştirakçısı və əsas əməliyyatçısıdır. Şirkət neft-qaz sənayesi dəyər zəncirinin bütün halqalarında fəaldır. Neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli SOCAR əməliyyatlarının əsas hissəsini təşkil edir. SOCAR, həmçinin təbii qazı, neft və neft-kimya məhsullarını ölkə bazarına, eləcə də, beynəlxalq bazarlara çıxarır. Şirkətin hədəfi effektiv əməliyyat, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik olan şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməkdir. SOCAR Avropa İttifaqının mühüm enerji təhcizatçısı olduğu üçün Avropanın davamlı iqtisadi inkişafında xüsusi rol oynayır.