...

SOCAR-da neft-qaz layihələrində milli kontent mövzusunda seminar keçirilib (FOTO)

Energetika Materials 27 Noyabr 2018 15:56 (UTC +04:00)
Seminar “Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsinin” icrası çərçivəsində baş tutub.
SOCAR-da neft-qaz layihələrində milli kontent mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

SOCAR-da neft-qaz layihələrində yerli resurslardan istifadənin artırılması, yerli şirkətlərin və milli kadrların neft və qaz layihələrində iştirakının təşviqi məqsədilə “Neft və qaz sənayesində Milli Kontent: anlayış, tətbiqi və qanunvericilikdə əksi” mövzusunda seminar keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, seminar “Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsinin” icrası çərçivəsində baş tutub.

Seminarda layihələrdə yerli resurslardan istifadənin cari vəziyyəti və gələcək potensialı barədə fikir mübadiləsi aparılıb.

Seminarın işində dövlət qurumları, beynəlxalq məsləhətçi şirkətlər, universitetlər, yerli və beynəlxalq şirkətlər daxil olmaqla, 50-ə yaxın təşkilatdan 100-dək ekspert iştirak edib. Əvvəlcə tədbirdə SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, Xalik Məmmədov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər dövlət qurumlarının nümayəndələri mövzu ilə bağlı çıxış ediblər. McKinsey, OMNİ hüquq şirkəti və BP Eksploreyşn (Kaspian Si) limited tərəfindən milli kontentin inkişafına xidmət edən cari dövlət proqramları barədə məlumat verilmiş, müvafiq qanunvericilik aktlarının təhlili, eyni zamanda beynəlxalq təcrübə və neft və qaz layihələrində operatorluq təcrübəsi barədə təqdimatlar keçirilib. Daha sonra, milli kontentə dair cari aktual məsələlərin müzakirəsi məqsədilə ekspertlər arasında dəyirmi masalar təşkil olunub.

Xatırladaq ki, “Azərbaycan Respublikasında neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilib. “Milli Kontent” məfhumu burada yerli istehsalçılar və şirkətlərin iqtisadi layihələrə, xüsusən neft-qaz layihələrinə daha intensiv cəlb olunmasını ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti