...

SOCAR pandemiyaya görə dayanan müəssisələrində işçilərin vakansiya üzrə yerləşdirilməsini nəzərdə tutur (FOTO)

Energetika Materials 28 İyul 2020 13:23 (UTC +04:00)
SOCAR pandemiyaya görə dayanan müəssisələrində işçilərin vakansiya üzrə yerləşdirilməsini nəzərdə tutur (FOTO)

Bakı. Trend:

İyulun 28-də SOCAR-da qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə insan resurslarının idarə edilməsinə dair onlayn görüş keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarını salamlamış, pandemiya dövründə dünya neft bazarında stabilliyin bərpa olunması məqsədilə Azərbaycanın “OPEC+” ölkələrinin Əməkdaşlıq Bəyannaməsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərindən bəhs etmiş, bildirmişdir ki, hasilatın azaldılması üçün bir sıra yataqların fəaliyyəti müvəqqəti dayandırılmışdır. Yataqların fəaliyyətinin dayandırılması nəticəsində boşdayanmaya yol verilən müəssisələrdə işçilərin müvafiq təlimlərə cəlb edilməsi və həmçinin kompleks qiymətləndirmə vasitəsi ilə yüksək potensiallı işçilərin müəyyən edilməsinin vacibliyini qeyd etmişdir. X.Məmmədov boşdayanma zamanı işçilərin müraciətləri nəzərə alınmaqla SOCAR-ın daxili tələbatına uyğun vakansiyalar üzrə yerləşdirilməli olduğunu vurğulamışdır.

Birbaşa iş yerlərinin dəyişməsi mümkün olmayan işçilər üçün ixtisasartırma və bəzi hallarda ikinci ixtisasa yiyələnmə məqsədi ilə silsilə təlimlərin keçirilməsi planlaşdırılmışdır. İşçilərin ixtisasartırma və ixtisasdəyişmə proqramlarına cəlb olunmasının yalnız Covid-19 pandemiyasının təsiri, yaxud dünyada neftə tələbatın azalması ilə deyil, həm də dördüncü sənaye inqilabının yaratdığı çağırışlarla əlaqədar labüdləşdiyi vurğulanmış, onların fərdi inkişaf potensialının ən optimal şəkildə reallaşdırılması üçün bu proqramın tam ədalətli şəkildə həyata keçirilməsi, prosesin şəffaflığının təmin olunmasının əhəmiyyəti xüsusi qeyd edilmişdir.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli geniş təqdimatla çıxış etmiş, 2019-cu ildə SOCAR-ın insan resursları sahəsində əsas fəaliyyət göstəricilərindən, insan resurlarının transformasiya proqramından bəhs etmişdir.

Qeyd olunmuşdur ki, daha səriştəli personalın müvafiq struktur bölmələrində saxlanılması və inkişaf etdirilməsi, boşdayanma olduğu halda işçilərin səriştəsinə uyğun digər vakansiyalar üzrə yerləşdirilməsi, bu proseslərdə obyektivliyin təmin edilməsi şirkətin əsas hədəflərindəndir. İşçilərin kompleks qiymətləndirilməsinin, əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, ixtisas (təhsil və staj) və peşəkarlıq (səriştənin qiymətləndirilməsi və test nəticələri) meyarları əsasında aparılacağı, işə qəbulun yekun seçim mərhələsinin təşkili və keçirilməsi prosesinin isə mərhələli şəkildə müəssisələrə ötürüləcəyi bildirilmişdir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, karantin dövründə SOCAR işçilərinin 29%-i vəzifə fəaliyyətlərini “evdən iş” üsulu ilə yerinə yetirmiş, bu dövrdə 4 müəssisə üzrə səriştələrin idarə edilməsi prosesinə start verilmiş, rəhbər işçilərə maarifləndirmə təlimləri keçirilmişdir. Məsafədən işləmə ilə bağlı təlimat hazırlanmış, əməkdaşlar karantin şərtləri və daxili qaydalar barədə məlumatlandırılmışdır. Bu dövrdə 80 təlim mövzusu üzrə 125 onlayn vebinar sessiyası keçirilmiş, vebinarlarda 6500-dən çox əməkdaş iştirak etmişdir. Görüşün sonunda QHT nümayəndələri onları maraqlandıran suallarla şirkət rəsmilərinə müraciətlər etmiş, fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, 2019-cu il ərzində SOCAR-ın təlim mərkəzlərində keçirilmiş ixtisasartırma, yenidənhazırlanma, maarifləndirmə təlimlərində minlərlə dinləyici iştirak etmiş, elan olunmuş vakansiyalar üzrə müsabiqə yolu ilə 1500-ə yaxın yeni işçi qəbul edilmişdir. Pandemiya dövründə onlayn vebinar formatına üstünlük verilmiş, bunun nəticəsində bu ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə təlim iştirakçılarının sayı 60%-dən çox artmışdır.

Xatırladaq ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. Nəticədə “Azeri Light” markalı neftin bir barrelinin qiyməti tarixdə qeyd olunmuş ən aşağı səviyyədən (15,81 ABŞ dolları) yüksələrək, artıq 45 ABŞ dolları səviyyəsinə qalxmışdır. Bununla belə, dünya bazarlarında pandemiya ilə əlaqədar qeyri-müəyyən şəraitin hələ bir müddət davam etməsi proqnozlaşdırılır. Bu da neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün OPEC+ formatı çərçivəsində hasilatın məhdudlaşdırılması tədbirlərinin hələ bir müddət davam etdirilməsini labüdləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti