...

2025-ci ildə IGB-nin ötürücülük gücü artırılacaq - İcraçı direktor (Özəl müsahibə)

Energetika Materials 7 Mart 2024 08:00 (UTC +04:00)
2025-ci ildə IGB-nin ötürücülük gücü artırılacaq - İcraçı direktor (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) ötürücülük gücü gələn ilin dördüncü rübündə artırılacaq.

Bunu Trend-ə özəl müsahibəsində ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib.

“Ümid edirik ki, 2025-ci ilin dördüncü rübündən Stara Zaqoradakı çıxış nöqtəsində və 2026-cı ilin dördüncü rübündən Komotinidəki çıxış nöqtəsində ötürücülük gücü artırılacaq”, - deyə o bildirib.

Georgieva qeyd edib ki, bütün müvafiq prosedurlar - layihələndirmə, tikinti üçün podratçının seçilməsi və avadanlıqların satın alınması başa çatan kimi fiziki işlərə başlanılacaq.

"ICGB boru kəmərinin tikintisi mərhələsində etdiyimiz kimi, bütün bu prosedurların həyata keçirilməsində müvafiq milli və Avropa qanunvericiliyinə və sənaye sahəsində qabaqcıl təcrübəyə riayət edəcək. Şəffaflıq bizim üçün hər zaman vacibdir", - deyə icraçı direktor əlavə edib.

Georgiyeva qeyd edib ki, IGB Trans-Adriatik Boru Kəməri (TAP) ilə birbaşa əlaqəsi sayəsində Cənub Qaz Dəhlizinin bir hissəsi olduğundan, Trans-Balkan Boru Kəməri ilə qarşılıqlı əlaqədə olaraq TAP və TANAP vasitəsilə artan təchizatı təmin etmək üçün mövcud infrastrukturun potensialının daha da artırılmasının araşdırılması strateji əhəmiyyət kəsb edəcək.

Bazar sınaqları

Onun sözlərinə görə, ICGB ötürücülük gücünü artırmaq üçün bazar sınaq prosesini sürətləndirməyə çalışır.

O qeyd edib ki, ICGB boru kəmərinin kommersiya fəaliyyətinə başlamasından cəmi bir il sonra, 2023-cü ildə ötürücülük gücünün artırılması prosesinin məcburi olmayan mərhələsinə başlayıb.

“Nəticələr gözləntilərimizi üstələdi. Məhz buna görə də biz strateji qərar qəbul etdik ki, imkan daxilində ötürücülük gücünün artırılması prosesinin vaxtını optimallaşdırmağa çalışaq, bununla da IGB-nin ötürücülük gücünü ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə çatdıraq. Bu, Moldova, Ukrayna, Macarıstan və Slovakiya bazarlarına çıxmaq məqsədi ilə Yunanıstan terminallarından ildə 10 milyard kubmetr LNG nəqli kimi ümumi strateji məqsəd üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Georgiyeva bildirib.

İcraçı direktor qeyd edib ki, məcburi mərhələ 2024-cü ilin iyulunda baş tutacaq.

“Bu arada, biz bütün müvafiq prosesləri sürətləndirmək üçün digər əlaqəli ötürücü sistem operatorları və müvafiq tənzimləyicilərlə sıx əməkdaşlıq edirik. Regionun dinamikasını və dəyişən təhlükəsizlik mühitini nəzərə alaraq, bazarın yeni, təhlükəsiz və proqnozlaşdırıla bilən marşrutlara ehtiyacı var və bunu mümkün etmək bir ötürücü sistem operatoru kimi bizim işimizdir”, - deyə o bildirib.

Georgieva qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) cari ilə gücü 82%-dən çox rezervasiya dərəcəsi ilə daxil olub.

"IGB Bolqarıstanın daxili istehlak tələbatının demək olar ki, yarısını təmin edir. Bütün digər həcmlər bizim şəbəkəmizdən kənarda, o cümlədən Trans-Balkan Boru Kəməri ilə digər Avropa bazarlarına nəql olunur. Hazırda IGB-nin 20-dən çox qeydiyyatdan keçmiş şəbəkə istifadəçisi var ki, onların da əksəriyyəti Avropa şirkətləridir”, - deyə o bildirib.

Georgiyeva qeyd edib ki, hazırda ICGB-nin əsas strateji məqsədi boru kəmərinin ötürücülük gücünü ildə 5 milyard kubmetr qaza çatdırmaq öhdəliyidir.

“Biz həmçinin Komotini və Stara Zaqora çıxış nöqtələri üzrə layihə təkliflərini ictimaiyyətə təqdim etdik. PRSIMA və RBP platformalarında hər bir çıxış nöqtəsində qalan tutumu təklif edən aylıq, həftəlik və gündəlik hərraclar keçirməyə davam edirik. Qeyd etmək lazımdır ki, bazarın bu marşruta marağı yüksək olaraq qalır və Yunanıstanda LNG terminalının tezliklə istifadəyə verilməsini nəzərə alsaq, marşrutun əhəmiyyətinin artacağını gözləmək üçün əsaslar var”, - deyə o bildirib.

IGB iş prioritetləri

Onun sözlərinə görə, bu il interkonnektorun əməliyyat prioritetləri texniki imkanları genişləndirmək və boru kəmərinin gündəlik olaraq təhlükəsiz və etibarlı istismarını təmin etməkdir.

“İlk 365 günü insidentsiz keçirdik və bütün sifarişlərini yerinə yetirdik. Biz həm əməkdaşlarımız, həm də IGB şəbəkəsinin istifadəçiləri üçün əməliyyatların təhlükəsiz aparılmasını təmin etmək məqsədi ilə eyni səylə çalışmaqda qərarlıyıq”, deyə icraçı direktor qeyd edib.

Georgiyeva bildirib ki, ICGB-nin səylərinin digər mühüm istiqaməti təbii ki, boru kəmərinin texniki imkanlarının ildə 5 milyard kubmetrə qədər genişləndirilməsidir.

“Biz həmçinin təhlükəsizliyi yaxşılaşdırmaq və təchizatı şaxələndirmək məqsədi ilə regionda mövcud infrastrukturun inkişafını daha yaxşı planlaşdırmaq və əlaqələndirmək üçün Şaquli Qaz Dəhlizi çərçivəsində digər ötürücü sistem operatorları ilə səylə işləyirik. Bu yaxınlarda Moldova, Ukrayna və Slovakiya bu təşəbbüsə qoşuldu və ICGB regionda enerji təhlükəsizliyini gücləndirmək məqsədi ilə bu prosesə rəhbərlik edir”, - deyə icraçı direktor əlavə edib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti