...

IGB operatoru genişlənməyə dəstək üçün dayanıqlı maliyyə modeli axtarışındadır - İcraçı direktor

Energetika Materials 24 Mart 2025 12:33 (UTC +04:00)
IGB operatoru genişlənməyə dəstək üçün dayanıqlı maliyyə modeli axtarışındadır - İcraçı direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti qaz kəmərinin genişləndirilməsini dəstəkləmək üçün dayanıqlı maliyyə modeli axtarır.

Trend xəbər verir ki, bunu ICGB-nin icraçı direktoru Teodora Georgiyeva “Energy of Tomorrow” konfransında çıxışı zamanı bildirib.

"Bolqarıstan inteqrasiya olunmuş Avropa enerji bazarının bir hissəsidir və istənilən geosiyasi dəyişiklik bazar şərtlərinə bilavasitə təsir göstərir. Açıq-aydın bir tendensiya müşahidə etməkdəyik – artıq heç bir treyder 10 ildən çox müddətə uzunmüddətli müqavilə bağlamağa hazır deyil. Bunun əvəzinə, bazar dəyişən şərtlərə daha çevik uyğunlaşmanı təmin edən qısamüddətli həllər istiqamətinə yönəlir", – deyə Georgiyeva qeyd edib.

O bildirib ki, bu tendensiya IGB-nin genişləndirilməsi ilə bağlı məcburi bazar testi mərhələsində də özünü büruzə verib, belə ki, tələbat daha qısamüddətli öhdəliklərə üstünlüyün verildiyini əks etdirib. Buna baxmayaraq, ICGB layihənin genişləndirilməsini strateji uzunmüddətli hədəf kimi görməyə davam edir və onu dəstəkləmək üçün dayanıqlı maliyyə modeli axtarır.

Georgiyevanın sözlərinə görə, IGB-nin genişləndirilməsi Şaquli Qaz Dəhlizinin əsas elementlərindən biridir və Avropanın qaz nəqli şəbəkəsinin ümumi təhlükəsizliyinin və şaxələndirilməsinin güclənməsinə töhfə verir. Layihənin rəqabət qabiliyyətini qoruyub saxlamaq və şəbəkə istifadəçiləri üçün əlavə maliyyə yükü yaratmamaq üçün qrantlar hesabına maliyyələşmə böyük əhəmiyyət daşıyacaq.

"Biz birlikdə hərəkət etdikdə, həqiqətən, inteqrasiya olunduqda və bir-birimizi dəstəklədikdə daha güclü oluruq",- deyə Georgiyeva vurğulayıb.

O əlavə edib ki, ICGB dinamik şəkildə dəyişən bazar şərtlərini nəzərə alaraq, Avropanın uzunmüddətli enerji təhlükəsizliyi məqsədlərinə uyğun davamlı infrastrukturun inteqrasiyasının vacibliyini müdafiə etməkdə davam edir.

Qeyd edək ki, IGB Bolqarıstanın Cənub Qaz Dəhlizinə qoşulmasına imkan yaradır və Şaquli Qaz Dəhlizinin bir hissəsidir. Qaz kəməri yeni və şaxələndirilmiş mənbələrdən təbii qaz əldə etmək imkanı yaradaraq, regionda enerji əlaqəliliyini və təhlükəsizliyini gücləndirir.

Hazırda IGB-nin ötürücülük gücü illik 3 milyard kubmetrdir, lakin potensial genişləndirmə ilə bu göstəricinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti