Bakı. Trend:
Yunanıstan-Bolqarıstan interkonnektoru kimi keçid infrastrukturuna investisiyaların qoyulması Avropa İttifaqı tərəfindən daha aydın dəstək mexanizmləri tələb edir.
Trend xəbər verir ki, bu barədə ICGB icraçı direktoru Teodor Georgiyeva Budapeştdə Sıxılmış Təbii Qaz üzrə sammitdə etdiyi çıxışda danışıb.
O, Cənub-Şərqi Avropada strateji hab qismində Bolqarıstanın artan rolunu vurğulayıb və IGB qaz kəmarının mühüm əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə Cənub Qaz Dəhlizinin, həmçinin Şaquli Qaz Dəhlizinin bir hissəsi olaraq, sözügedən interkonnektor regiona, o cümlədən Ukrayna və Moldovaya şaxələndirilmiş tədarüklərin təmin olunmasında vacib rol oynayır.
O, layihənin indiyədək əldə etdiyi irəliləyişlər, qarşılaşdığı çətinliklər və uzunmüddətli strateji əhəmiyyətindən danışıb. Hazırda ildə 3 milyard kubmetr ötürücülük qabiliyyətinə malik olan IGB-nin 5 milyard kubmetrə qədər genişləndirilməsi planlaşdırılır.
“Enerji keçidini dayanıqlı şəkildə sürətləndirmək üçün biz ambisiyalarla reallıqları uzlaşdırmağı bacarmalıyıq. IGB kimi keçid infrastrukturuna sərmayələr son dərəcə vacibdir – lakin bunun üçün müasir bazar reallıqlarını əks etdirən, Aİ tərəfindən daha aydın dəstək mexanizmləri tələb olunur”, – deyə o bildirib.
Georgiyeva həmçinin əlavə edib ki, Rusiyadan təbii qaz tədarükünün azalması fonunda 2025-ci ildə Avropaya sıxılmış təbii qaz idxalının 25% artacağı gözlənilir – bu, təxminən 30 milyard kubmetr təşkil edir. O, Avropada qaz anbarlarının doldurulması və tədarük mənbələrinin şaxələndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Panel müzakirələrində iştirakla yanaşı, ICGB nümayəndələri regionun əsas qaz nəqliyyatı operatorları ilə əhatəli danışıqlar və səmərəli görüşlər keçiriblər. Nəticədə, birgə fəaliyyətin konkret gələcək addımları üzrə razılıq əldə olunub.
Qeyd edək ki, İGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsidir. Boru kəməri yeni, çoxşaxəli mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir.
Hazırda qaz kəməri ildə 3 milyard kubmetr ötürmə gücü ilə işləyir, potensial genişləndirilməsi isə ildə 5 milyard kubmetr təşkil edir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizini əhatə edir və Moldova və Ukrayna kimi əsas bazarlara tədarük üçün etibarlı marşrut təmin edir.