Bakı. Trend:
"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" imzalanıb.
Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, sazişi Azərbaycan Höküməti adından energetika naziri Pərviz Şahbazov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (TEM-CECECO) icraçı direktoru Aysel Yaqubova imzalayıblar.
Saziş Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsini, o cümlədən Nizamnaməyə uyğun olaraq TEM-in hüquqi statusunu, imtiyazlarını müəyyən edir, həmçinin TEM və Ev Sahibi Ölkə arasında münasibətləri tənzimləyir.
TEM milli və regional səviyyədə dayanıqlı enerji, enerji keçidi və enerji səmərəliliyi layihələrinin təşviqi və əlaqələndirilməsi üçün mühüm platforma rolunu oynayır. Qurumun fəaliyyəti Azərbaycanda icra olunan milli və regional yaşıl enerji layihələri üçün əlavə imkanlar yaratmaqla yanaşı, ölkəmizin regional enerji proseslərində, o cümlədən Mərkəzi Asiya ilə enerji bağlantılarının qurulması istiqamətində rolunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Təmiz Enerji Mərkəzinin Bakıda yerləşməsi Azərbaycanın İƏT formatında təmiz və yaşıl enerjiyə keçid səylərinə sadiqliyinin, həmçinin bu sahədə regional əməkdaşlığa verdiyi töhfənin bariz göstəricisidir.
Xatırladaq ki, 2021-ci ilin 27 noyabr tarixində Aşqabad şəhərində keçirilmiş İƏT-in Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında İƏT Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul olunmuş və Azərbaycan TEM-ə ev sahibliyi edəcək ölkə seçilmişdir.
