Xaçmaz rayonunda yarımstansiyanını tikilməsi üzrə layihənin məsləhətçisi Ərəbistanın Darl-Handas şirkəti ola bilər. Bu barədə Trend ə Azərenerji SC-dən bildirilib. İdarə bununla əlaqədar təkliflərini layihəni maliyyələşdirən İslam İnkişaf Bankına təqdim edib.
"Məqsədimiz qısa müddət ərzində layihənin məsləhətçisini müəyyən etməkdir. İlin sonuna kimi biz onu müəyyən edərək podratçının seçilməsi üzrə tenderin keçirilməsi ilə bağlı sənədləri hazırlamaq niyyətindəyik. Əgər bank bu şirkəti məsləhətçi kimi təsdiq etsə, o zaman biz konkret işlərə başlaya bilərik", - deyə SC-də bildirilib.
Azərenerji SC 2006-cı ildən etibarən Xaçmazda 330/110 kV gücündə yarımstansiyanın tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.
Sentyabrın 1-də prezident İlham Əliyev bu stansiyanın tikilməsi üçün İslam İnkişaf Bankı tərəfindən ölkə hökumətinə kreditin ayrılmasına dair sazişi təsdiq edib. Azərbaycan parlamenti sentyabrın 1-də keçirilmiş plenar iclasda İİB tərəfindən layihəyə kreditin ayrılmasını bəyənib. Layihənin həyata keçirilməsi 500 min nəfərin yaşadığı şimal rayonlarının elektrik enerjisi ilə təchiz olunmasını yaxşılaşdırmağa imkan verəcək. $13,508 mln məbləğində kredit illik 6%-lə 12 il müddətinə ayrılır.
İİB, həmçinin, yüksək voltlu Yaşma-Dərbənd ($25 mln) elektrik ötürücü xəttinin çəkilməsinə də kredit ayırmağa hazır olduğunu bildirib. Rusiya ilə enerji mübadiləsini idarə etməyə və sabitləşdirməyə imkan verən ikinci 330 kilovoltluq Yaşma (AR) - Dərbənd (RF) EÖX-nin çəkilməsi, 330/110/10 kV-luq yeni "Xaçmaz" yarımstansiyasının tikilməsi "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət proqramında" (2005-2015-ci illər) öz əksini tapıb. Bu layihələr 2005-2007-ci illərdə həyata keçiriləcək.
Yaxın 3 ildə Azərbaycana güzəştli kreditlərin ayrılması ilə bağlı razılıq 2004-cü ilin dekabrında İİB-nin prezidenti Əhməd Məhəmməd Əli və ölkə rəhbərliyi arasında danışıqlar zamanı əldə olunub.