...

Azərbaycan və Rusiya elektrik enerjisinin mübadiləsinə dair müqaviləni razılaşdırıblar

Energetika Materials 8 May 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan və Rusiya arasında elektrik enerjisinin idxal-ixracına dair müqavilə yaxın günlərdə bağlanacaq. Bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, sənəd artıq razılaşdırılıb.

Hazırda enerji mübadiləsi adi rejimdə davam etdirilir. Aprelin sonunda Azərbaycan və Rusiya arasında elektrik enerjisinin ixrac və idxalının dəyəri ilə bağlı razılıq əldə olunub. Amma konkret rəqəmlər hələ ki açıqlanmır.

Məlumdur ki, əvvəlki saziş üzrə Azərbaycan elektrik enerjisini gərgin saatlarda alırdı, gecə isə əvəzini verirdi. Amma bir çox hallarda gündüz saatlarında da enerji qaytarılırdı. Yeni razılaşmaya əsasən, enerjinin geri qaytarılması tariflərə uyğun olaraq həyata keçiriləcək. Burada gündüz, gücə və gərgin saatlardakı tariflər tətbiq olunan əmsallara görə bir-birindən fərqlənir. Gərgin saatlarda tariflər nisbətən yuxarı, gecə saatlarında isə nisbətən aşağı müəyyən olunub.

Onun sözlərinə görə, dəyişikliklərə baxmayaraq bu, hər iki tərəfi razı salır. Müqavilənin ilin sonuna qədər sürməsi razılaşdırılıb. Əgər tərəflərdən biri onun uzadılmasında maraqlı olmasa, bu barədə qarşı tərəfi bir ay öncədən xəbərdar etməlidir. Əgər bu baş verməzsə, müqavilə avtomatik olaraq uzadılmış hesab edilir. Aprelin əvvəlindən Rusiyadan Azərbaycana enerji idxalı dayandırılmışdı. Əvvəlki müqavilə bütünlüklə 2007-ci il üçün nəzərdə tutulsa da, tariflər yalnız birinci rüb üçün qəbul olunmuşdu. Birinci rübdə tariflər 2006-cı ildə olduğu kimi 1 kVt-saat üçün 3,636 sent olub. Azərbaycan elektrik enerjisinin Rusiyaya satış qiyməti 1kVt/saat üçün 1,58 sentdən 1,8 sentə qədər artırılıb.

Xəbər lenti

Xəbər lenti